Toşak: Bu, Azərbaycanla oyun öncəsi fantastik xəbərdir
25.05.2009 - 23:42
Toşak: Bu, Azərbaycanla oyun öncəsi fantastik xəbərdir
“Danni Qabbidon fikirləşdiyimdən daha yaxşı formadadır. Azərbaycanla oyun öncəsi bu mənim üçün fantastik xəbərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels milli komandasının baş məşqçisi Con Toşak deyib.

İyunun 6-da Bakıda keçiriləcək dünya çempionatının seçmə oyununda millimizin rəqibi olacaq britaniyalıların çalışdırıcısı heyətlə bağlı problemləri həll etmək yolları axtarır. Bir neçə gün əvvəl 22 nəfərlik heyət açıqlayan və ciddi itkilər fonunda gənclərin ümidinə qalan Toşak daha bir futbolçunu sərəncamında görmək istəyir. Mütəxəssis indiyədək yığmada 40 oyun keçirən Danni Qabbidonun fasilədən sonra milliyə dönməyini istəyir: “Danni sonuncu dəfə ötən tsiklin Almaniya ilə 0:0 hesabı ilə nəticələnən oyununda yığmada oynamışdı. Həmin qarşılaşmada o Kollinz və Nyatanqa ilə əla anlaşaraq, səviyyəsini nümayiş etdirmişdi. Onun uzun fasilədən sonra sıralarımıza dönməsi çox yaxşı olardı. Bu gün heyətimiz gənclərdən təşkil olunub. Beyl, Ganter kimi istedadlar çox şeyə qadirdir. Amma onların yanında Qabbidon kimi təcrübəli futbolçu da olmalıdır. Bu təcrübə həlledici rol da oynaya bilər”.

Qeyd edək ki, hazırda İngiltərənin “Vest Hem” klubunda çıxış edən Qabbidon yığmamızın Uelslə əvvəlki oyunlarda da forma geyib.
0