“Hakim səhvləri olmasaydı, çempion olardıq” – MÜSAHİBƏ
25.05.2009 - 17:40
“Hakim səhvləri olmasaydı, çempion olardıq” – MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının gümüş medalçısı Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukinin apasport.az saytına müsahibəsi

- Artıq mövsüm başa çatıb. İndi özünüzü necə hiss edirsiniz?
- Normal. Hər şeyə aydınlıq gəldi. Məlum oldu ki, Azərbaycan kubokunu qazanmadıq, Premyer Liqada isə gümüş medala yiyələndik.

- Bu aydın məsələdir. Ötən mövsüm Azərbaycan çempionu olan komandanın həm Premyer Liqada, həm də kubok uğrunda mübarizədə 2-ci olması “İnter”in iddialarına nə dərəcədə uyğun gəlir?
- Hazırkı vəziyyətdə yeganə xoşuma gələn cəhət odur ki, rəhbərliyimiz gümüş medal və kubokun finalçısı olmaqdan narazıdır. Bu isə o deməkdir ki, klubumuz arxada qalan müddətdə kifayət qədər inkişaf edib. Bax, bu, mənim xoşuma gəlir. Kimə görəsə 2-ci yer böyük uğur sayılır. Ancaq rəhbərliyimiz, elə bizim hamımız üçün bu, uğursuzluqdur. Deməzdim ki, mövsümdə göstərdiyimiz nəticə iflasa bərabərdir. Ancaq hər halda, bu, qeyri-qənaətbəxş nəticədir.

- Buna görə baş məşqçi postunuzu itirəcəyinizdən qorxmursunuz?
- Elə məşqçiləri dəyişiblər ki... İspaniya yığmasına Avropa çempionu titulu qazandıran Luis Araqonesi “Fənərbaxça” klubunun baş məşqçisi postundan çıxarırlar, elədir?

- Demək olar...
- O, yüksək səviyyəli məşqçidir. Məşqçinin ömürlük müqaviləsi yoxdur. Yalnız “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusonun və “Arsenal”ın çalışdırıcısı Arsen Vengerin belə müqaviləsi var. Qalanları ilə ömürlük müqavilə bağlamayıblar. Ümumiyyətlə, həyatda daimi heç nə yoxdur. Ancaq jurnalistlər bütün ömürləri boyu işləyə bilərlər. Əgər məşqçi vəzifəsini itirərsə, bunda qorxulu heç nə yoxdur. Bu, futbolun təkamülüdür. Hesab etmirəm ki, biz mövsümü boşa verdik. Bəli, tələblərimizə cavab verməyərək, imkanlarımızdan aşağı çıxış etdik. Obyektiv səbəblərdən belə alındı. Ola bilsin ki, kimsə güclü çıxış etdiyimiz fikrindədir. Ancaq mən hesab edirəm ki, çempionatda qızıl medallar qazanıb, ora kuboku da əlavə etməli idik. Kubok uğrunda həlledici matçda biz pis oynadıq. Ancaq hakim səhvləri olmasaydı, çempionluğu qazanacaqdıq. Nəticəyə hakim səhvləri təsir göstərdi.

- “Qarabağ”la ötən mövsüm 3 dəfə görüşsəniz də, heç birində qalib gələ bilmədiniz. Bunu nə il izah edirsiniz?
- Nə olsun ki? Bundan əvvəl “Qarabağ”la 4 dəfə görüşmüşük və rəqib bunların heç birində bizi məğlub edə bilməyib.

- Bu, həmin mövsümdə qaldı. Son mövsümdə isə “İnter” üçün həm çempionluq, həm də kubok uğrunda mübarizədə “Qarabağ”la görüşlər həlledici oldu. Ağdam komandasını məğlub edə bilməməyiniz sizə qızıl medallar və kubok bahasına başa gəldi...
- Bu, futboldur, nə edək? “Çelsi” “Barselona”nı yenə bilmədi. Futbolda elə şey yoxdur ki, dediyin dərhal baş versin.

- Deyəsən, siz komandanızı “Çelsi” ilə müqayisə edirsiniz?
- Mən komandamı “Çelsi” ilə yox, yaranan vəziyyətləri müqayisə edirəm. “İnter”i nə “Çelsi, nə “Barselona”, nə də digərləri ilə müqayisə etmək fikrindəyəm. Dediyim odur ki, futbolda yazılan, mütləq baş verməli qanunlar yoxdur. Futbol gözlənilməz oyundur. Niyə totalizatorlarda oyunların nəticələri ilə bağlı proqnozlar götürülür? Hətta zəif komandaya da pul qoyurlar. Çünki futbol gözlənilməz oyundur.

- Necə hesab edirsiniz, final oyununa totalizatorun təsiri olub?
- Mən bunlarla məşğul olmuram. Ümumiyyətlə, belə şeylərdən uzağam. Əgər kimsə totalizatorla oynayırsa, qoy oynasın. İnanın mənə, nəinki totalizatorla oynamıram, ona heç baxmıram da. Heç bilmirəm ki, onu necə, harada oynayırlar. Bəli, biz final oyununda uğursuzluğa düçar olduq. Komandamızda qapıçısı Junior Vilson, müdafiəçilər Marko Petroviç, Danillo Assioli, hücumçu Valter Quqlemon və bir də sonradan meydana çıxan Ruhid Usubovu çıxmaq şərti ilə, oyununu qeyd edə biləcəyim futbolçu yoxdur.

- “İnter”in və milli komandamızın üzvü Samir Abbasov ötən mövsümün ən yaxşı müdafiəçisi seçildi. Mövsümün nominasiyaları arasında ən yaxşı yeganə yerli futbolçu olan Samirin belə səhvinə nə ad verərdiniz? Axı, oyunda qələbə topu Abbasovun kobudluğuna görə təyin edilən penalti zərbəsi zamanı vuruldu...
- Onlar canlı insanlardır, səhv edə bilərlər. Əgər maşın xarab olursa, onda insan da qırıla bilər. Məşqçi meydanda olan 11 futbolçusundan asılı insandır.

- Final oyunundan sonra keçirilən mətbuat konfransında iştirak etməməyinizə səbəbi nə idi?
- Bu da insan əməyinin təşkili, nəticəsidir. Məndən oyundan sonra elə meydanda müsahibə götürdülər. Sonra o biri jurnalist yaxınlaşdı, ona da müsahibə verdim. Elə düşündüm ki, bununla hər şey qurtardı. Ora-bura baxıram, fırlanıram, görürəm ki, heç kim mənə mətbuat konfransı ilə bağlı bir şey demir. Yanımda mətbuat katibimiz Səbuhi var idi, o da mənə heç hə demədi. Mən də xidməti maşınıma minib, getdim. Sonra mətbuatda oxuyuram ki, Xodukin mətbuat konfransında iştirak etməyib. Məgər mən nə vaxtsa belə şey etmişəm? Bundan əlavə, əgər mətbuat konfransına getmək fikrim yox idisə, heç mükafatlandırma mərasiminə də qatılmazdım. Ora getdim, rəqib futbolçulardan Zaur Ramazanov, Emin İmaməliyev, oyunun baş hakimi Vüsal Əliyevi qucaqlayıb, təbrik etdim. Hakimə yaxşı idarəçiliyinə görə minnətdarlıq etdim. AFFA prezidenti Rövnəq Abdullayevi, baş katibi Elxan Məmmədovu, PFL prezidenti Ramin Musayevi, “Qarabağ”ı çalışdıran gənc həmkarım Qurbanovu, hamını təbrik etdim. Sonra da çıxıb getdim, heç kim də mənə mətbuat konfransı ilə bağlı bir şey demədi.

- Məgər siz fikirləşmədiniz ki, oyundan sonra adətən mətbuat konfransı olur və ora gedib, iştirak etmək lazımdır?
- Axı, kimsə bunu mənə deməlidir. Mənə deyilməlidir ki, ora, bura get. Bütün bu işlərlə kimsə məşğul olmalıdır. Mən özüm gəlib deyə bilmərəm ki, gəlin, sizə mətbuat konfransı keçirim. Kimsə buna rəhbərlik etməlidir.

- Son nəticə belədir ki, kimsə buna görə günahkardır...
- Mən bilmirəm. Kimsə bu işlə məşğul olmalıdır. Mən hələ durub bir mətbuat konfransı da təşkil etməliyəm?

- İstənilən halda, sizi cərimə gözləyir...
- Niyə cərimə ödəməliyəm ki?

- Çünki oyundan sonra mətbuat konfransında iştirak etməmisiniz...
- Kim mənə mətbuat konfransının olduğunu dedi, mən isə getmədim? Mətbuat konfransı elə meydanında ortasında oldu, orada məndən müsahibə götürdülər.

- Bunun əhəmiyyəti yoxdur. Əsasnaməyə görə, baş məşqçi oyundan sonra mətbuat konfransında iştirak etmirsə, cəriməyə məruz qalır...
- Cəriməni nəzərdə tutmuram, lazımdırsa, onu verərəm. Sadəcə, hər şeyi düzgün etmək lazımdır. Mən heç bir mətbuat konfransından imtina etmirəm və həmişə ora da gedirəm. Əgər mənim rəqibi təbrik etməyə istəyim, iradəm çatırsa, niyə mətbuat konfransında iştirak etməyim?

- “İnter” artıq 3 dəfədir ölkə kubokunun finalına çıxır və hər 3 cəhddə uğursuzluğa düçar olur. Bu finalların hamısında iştirak etmisiniz. Son 2 görüşdə baş məşqçi olmusunuz. “İnter”in kuboku qazanmaqla bağlı sindromu var?
- Onu deyə bilərəm ki, bu, keçirdiyimiz ən zəif final oyunu idi. “Qarabağ”a uduzmağa sadəcə, haqqımız yox idi. Ancaq nəzərə alsaq ki, cəmi 3 futbolçumuz öz səviyyəsində oynayıb, onda təbii ki, bizi məğlub etdilər. Biz o qədər zəif oynadıq ki, rəqib bizimlə müqayisədə lap Braziliya yığması kimi təsir bağışlayırdı.

- Avropa Liqasına vəsiqə qazandınız və öncə bu turnirin startı veriləcək. Yəni, vaxtınız elə də çox deyil. Mövsümə hazırlıq planları necə olacaq?
- Düzü, hələ bunu bilmirəm.

- Bəs nə vaxt vətəninizə dönəcəksiniz?
- Bunu da bilmirəm. Bu, işin gedişatından asılı olacaq.

- Klub rəhbərliyi ilə gələcək planları müzakirə etmisiniz?
- Bu sualın da cavabı yoxdur.

- Komandanı kimlərin tərk edəcəyi bağlı suala da cavabınız yoxdur?
- Var, ancaq hələ deməyəcəyəm.

- Niyə?
- Çünki bunu açıqlamaq hələ tezdir.

- Hər halda, komandanızda heyətlə bağlı ciddi dəyişiklər olacaq?
- Bunlar olmalıdır.

- Yəni, elə futbolçularınız var ki, onlar öz səviyyəsinə “İnter”ə uyğun gəlməsə də, ehtiyatda otururlar, komandanın üzvüdürlər?
- Bəzilərinin işə münasibəti məni razı salmır.

- Bunlar arasında rəsmi şəxslər var?
- Rəsmi şəxsləri mühakimə edə bilmərəm. Mənim rəhbərliyim var və onlar bunu edəcək.

- Hansısa gurultulu transferləriniz olacaq?
- Bu haqda düşünmürəm. Mənə gurultulu adlar yox, gurultulu futbolçular lazımdır. Çünki məndə gurultulu adlar kifayət qədərdir. İndi mənə yaxşı futbolçular lazımdır.

- İyulun 2-də Avropa Liqasında mövsümə start veriləcək. Nə vaxt hazırlığa başlayacağınız bilinmir?
- Bu, hələ ki çətin sualdır.

- Sizin də müqavilənizin müddəti bitir. Gələcək taleyinizə də aydınlıq gəlməlidir.
- Bəli.

- Müqaviləniz bu ayın yoxsa, yoxsa iyunun sonunda bitir?
- “İnter”lə iyunun 30-dək müqaviləm var.

- Sizcə, rəhbərlik yenə də sizinlə əməkdaşlıq etməkdə maraqlı olacaq?
- Bilmirəm. Axı başqalarının yerinə necə fikirləşə bilərəm? Mən yalnız öz yerimə düşünməyi bacarıram.

- Final oyunundan sonra prezident Georgi Nikolov, yaxud himayədarınız Cahangir Hacıyevlə fikir mübadiləsi aparmısınız?
- Yox. Çünki mən komanda ilə məşğul olurdum. İnsanların evlərinə yollanmasına qədər bəzi şeyləri həll etmək lazım idi. İstirahət müddətində hazırlıqla bağlı bəzi planları, detalları, qısa istirahət müddəti ərzində nə ilə məşğul olmağı müzakirə etmək lazım idi.

- Bütün legionerləriniz ölkələrinə yollanıblar?
- Hamı evlərinə dağılışdı.

- Yəqin ki, aralarında ümumiyyətlə, geri qayıtmayacaq legionerlər də var?
- Ola bilsin, belə də oldu.

- Ancaq ad açıqlamayacaqsınız...
- Axı vaxtından əvvəl danışmağın, hadisələri qabaqlamağın nə mənası var?

- Heyətdəki dəyişiklər mətbuat üçün çox maraqlıdır.
- Bununla bağlı lazım olanda məlumatlar alacaqsınız.

- Avroliqada komandanın qarşısına hansı məqsəd qoyulacaq?
- Bu, heyətin komplektləşdirilməsindən və püşkatmadan asılı olacaq.

- Ancaq nəzərə alaq ki, “İnter” ötən mövsüm avrokuboklarda debüt mövsümündə yaxşı təsir bağışladı, mərhələ adladı.
- Mən bunu başa düşürəm. Amma komandanın komplektləşdirilməsindən, səviyyəsindən və hansı rəqiblə görüşəcəyimizdən çox şey asılıdır. Avrokuboklarda ciddi rəqiblərlə üz-üzə gəlmək olar.
0