Zaur Ramazanov rekordçu oldu
25.05.2009 - 23:28
Zaur Ramazanov rekordçu oldu
Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov Azərbaycan kubokunun tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, 33 yaşlı futbolçu ardıcıl üç mövsümdür ölkə kubokunu qazanır. O, 2007 və 2008-ci illərdə “Xəzər-Lənkəran”la, son dəfə isə “Qarabağ”la buna sahib çıxıb. Bununla da, Ramazanov Azərbaycan kubokunu qazananlar arasında yeni rekord müəyyənləşdirib.

Belə ki, indiyədək ölkəmizdə kuboku dalbadal üç dəfə əldə edən futbolçu olmayıb. Göründüyü kimi, Zaur bu baxımdan siftə edib. “Qarabağ”ın kapitanı Aslan Kərimov da indiyə kimi üç dəfə kuboku qazansa da, bunlar müxtəlif vaxtlarda olub. 36 yaşlı futbolçu bunadək 1993 və 2006-cı illərdə də “Qarabağ”la kuboka sahib çıxıb. Komandanın digər təcrübəli müdafiəçisi Azər Məmmədov isə ümumiyyətlə, Azərbaycan kubokunu ən çox qazanan futbolçudur. Beş dəfə buna nail olan 33 yaşlı futbolçu ilk üçünə Gəncənin “Kəpəz” klubunun heyətində sahib çıxıb. “Qarabağ”da Aftandil Hacıyev, Zaur Həşimov, Emin İmaməliyev, Ayxan Abbasov, Rəşad Sadiqov, Namiq Yusifov artıq ikinci dəfə ölkə kubokunu qazanırlar.
0