“Qarabağ”da qalmaq istərdim, ancaq...”
26.05.2009 - 10:40
“Qarabağ”da qalmaq istərdim, ancaq...”
Ağdamın “Qarabağ” klubunun heyətində Azərbaycan kubokunu qazanan makedoniyalı yarımmüdafiəçi Artim Şakirinin apasport.az saytına müsahibəsi

- Karyeranızdakı çoxsaylı titullara Azərbaycan kubokunu da əlavə etdiniz. Bu kubok kolleksiyanızda hansı yeri tutacaq?
- Təbii ki, xüsusi yeri olacaq. Azərbaycan kubokunu qazanmağı çox istəyirdim və sonda buna nail oldum.

- Gələcək taleyinizin necə olacağı maraq doğurur. Karyeranızı yenə bu komandada davam etdirəcəksiniz?
- Hələ bu haqda dəqiq bir şey söyləyə bilmərəm. Bu, danışıqların gedişindən asılıdır.

- Müqaviləniz konkret hansı tarixə qədərdir?
- Anlaşmam son oyuna qədər nəzərdə tutulmuşdu. Azərbaycan kubokunun final matçı ilə hər şeyə yekun vuruldu. Demək olar ki, artıq sərbəst futbolçuyam.

- “Qarabağ” rəhbərliyi müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb?
- Bu məsələyə bir neçə günə aydınlıq gələcək. Hələlik konkret bir şey yoxdur. “Qarabağ”da qalmaq istərdim. Ancaq ilk addımı klub atmalıdır. Komandamdan təklif gözləyirəm.

- Danışıqlar Bakıda davam edəcək?
- Yox. Çünki vətənimə yollanıram. Danışıqlar orda olduğum müddətdə sürəcək.

- Ölkəmizi nə vaxt tərk edirsiniz?
- Mayın 26-da Makedoniyaya yollanacağam.

- Bəlkə futbolçu karyeranızı elə orada davam etdirmək istəyirsiniz?
- Yox. Hələ legioner karyeramı davam etdirmək istəyirəm. Daha bir il ölkə xaricində çıxış edə bilərəm.

- Ölkə kənarında oynamaq variantları var?
- Bəli, bir neçə ölkədən təkliflər almışam. Ancaq ilk növbədə “Qarabağ”da taleyimə aydınlıq gətirmək istəyirəm.

- Konkret hansı ölkələrdir?
- Bunu indi açıqlamaq istəmirəm.

- Adətən təcrübəli, sizin kimi tanınan futbolçular müqaviləsinin bitməsinə az qalmış yeni anlaşma ilə bağlı danışıqlara başlayır. Bəs siz niyə bu addımı atmamısınız?
- Mən bu addımı düzgün saymadım. Çünki qarşımızda nəticə qazanmaq vəzifəsi qoyulmuşdu. Mükafatçılar sırasına düşə bilmədiyimizdən Azərbaycan kubokunu qazanmağa köklənmişdik. Həmin vaxtda, yəni nəticə olmamış rəhbərliklə yeni müqavilə haqda danışmaq düzgün olmazdı. Artıq mövsüm bitib, titul qazanmışıq, indi danışıqlar aparmaq olar.

- Karyeranızı elə ölkəmizdə, yaxşı tanıdığın mütəxəssis, həmyerlin Qyoko Hacıyevskinin çalışdırdığı “Bakı” klubunda davam etdirmək variantına necə baxırsınız?
- Hacıyevskini çox yaxşı tanıyıram, mənim dostumdur. Uzun müddət Makedoniya milli komandasında rəhbərliyi altında çıxış etmişəm. Ancaq “Bakı” variantı hazırda gündəmdə deyil. Mən ilk növbədə “Qarabağ”la bağlı danışıqların nəticəsini gözləyirəm.

- Gələcək karyeranızla bağlı konkret danışmayaraq, daha çox ümumi fikir bildirirsiniz...
- Bilirsiniz, mən hadisələri qabaqlamaq istəmirəm. Siyasəti da xoşlamıram. Bu, mənlik deyil. Mənim işim futbolla bağlıdır. Hansısa məsələ həll olunmamış açıqlama verməyi düzgün saymıram. Bir şey dəqiqləşməmiş danışılanlar daha çox fərziyyələrə bənzəyir. Mən isə fərziyyə danışmağı xoşlamıram.

- Hacıyevski kimi, sizin da adınız Makedoniya milli komandasının baş məşqçi postuna namizədlər arasında hallanırdı. Artıq bu komandaya Mirçad Yonuzu baş məşqçi təyin ediblər...
- Onun təyinatı müvəqqətidir. Yonuzu 4 oyunluq, yəni cari seçmənin sonuna qədər yığmaya rəhbərlik etməyi tapşırıblar. Ola bilsin ki, gələcəkdə milli komandamızı çalışdırdım. Bunu zaman göstərəcək.

- Məşqçilik lisenziyanız varmı?
- “Pro” kateqoriyasını alıram. Artıq gələn həftə buna sahib çıxacağam. Bəlkə də futbolçu karyeramı bitirəndən sonra elə Azərbaycanda da məşqçilik etdim.
0