Arsen Venger: Teo Uolkott Azərbaycana qarşı oynamasın!
26.05.2009 - 11:34
Arsen Venger: Teo Uolkott Azərbaycana qarşı oynamasın!
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi ölkənin yığma komandalarının rəhbərliyi ilə münaqişəyə girişib. Apasport.az saytının məlumatına görə, məşhur fransalı mütəxəssis komandasının 20 yaşlı ulduzu Teo Uolkottun həm İngiltərənin əsas, həm də 21 yaşlılardan ibarət yığmasında oynamağının əleyhinə çıxış edir. Onun fikrincə, Fabio Kapellonun qarşıdakı oyunlarda milliyə dəvət edəcəyi ulduzun sonradan gənclərin düşərgəsinə yollanması düzgün deyil.

İyunun ikinci yarısında İsveçdə keçiriləcək 21 yaşlılar arasında Avropa çempionatının final mərhələsində İngiltərənin şərəfini qorumaq istəyən Uolkottun özü fərqli düşünsə də, Venger onunla da razılaşmır: “Mən Teonu güclə saxlaya bilmərəm. Pirs özü başa düşməlidir. Kapellonun oynatdığı futbolçunu yenidən gənclər komandasına çağırmaq mənasızdır. Pirs isə belə şeyləri başa düşmək istəmir. İnanıram ki, Kapello Uolkottu əsas komandanın oyunlarında meydana buraxacaq”.

Mütəxəssis oyunçunun bir aylıq yay məzuniyyətini yığmalarda keçirməsindən, üstəlik 5 günə üç oyuna çıxmasından gileylənir. İyunun 6-da səfərdə Qazaxıstanla görüşəcək İngiltərə yığması vətənə dönüb ayın 10-da Andorra ilə görüşə hazırlaşdığı vaxt Uolkottun 21 yaşlıların düşərgəsinə yollanacağı, orada da bir qarşılaşmaya çıxıb geri dönəcəyi gözlənilir. Teonun həm əsas komandadakı iki görüşə, həm də gənclərin Azərbaycan millisi ilə iyunun 8-də qarşılaşmaya çıxmağı Venger üçün mümkünsüz sayılır. İyunun 15-də start götürəcək qitə çempionatı ərəfəsində son yoxlama oyununda komandamızı sınağa çəkəcək ingilislərin baş məşqçisi Stüart Pirs isə axırıncı yoxlama matçında Uolkottun olmağını zəruri sayır. Hər halda britaniyalıların heyəti rəsmən açıqlanmasa da Pirs bu futbolçunu da çağıracağını dilə gətirib.

Qeyd edək ki, Azərbaycan və İngiltərənin 21 yaşlılardan ibarət yığma komandaları arasında oyun iyunun 8-də Milton Keynes şəhərində keçiriləcək.
0