“Xəzər-Lənkəran”ın kağız üzərində prezidenti
26.05.2009 - 12:24
“Xəzər-Lənkəran”ın kağız üzərində prezidenti
“Xəzər-Lənkəran”la bağlı maraqlı bir paradoks var: bu kluba nə qədər çox pul xərclənirsə, Avropada üzümüzə bir o qədər ağ olur. Bu il isə Lənkəran komandası ümumiyyətlə, qitə miqyaslı yarışlarda oynamayacaq. Nə yaxşı! Qoy, “Xəzər-Lənkəran”ın futbolçuları qarşıdakı yayı rahat keçirsinlər. Lənkəranlı azarkeşlər nəhayət, bu il onların ünvanına “güllü-çiçəkli” mesajlar ünvanlamayacaqlar.

Müjdə! Yeni super viktorina keçirilir. “Xəzər-Lənkəran”ın prezidenti kimdir” sualına birinci cavab verən şəxsin həyatı bir anda 180 dərəcə dəyişəcək. Uduşa ev, mənzil, avtomobil qoyulub. Bu viktorinanın maraqlı tərəfi odur ki, iştirakçıların işini asanlaşdırmaq üçün onlara cavab variantları da verilir. Amma köməkçi variantlar arasında “Mais Mənsimov” cavabını axtarmaq əbəsdir. Sanki ələklə dənizdən su daşıyırsınız...

Dənizdən söz düşmüşkən, Mais bəy gəmiçiliyi daha yaxşı bacarır. Belə olduğu halda, o, “Xəzər-Lənkəran”ın prezidenti postunda nə gəzir? Yəqin ki, Mənsimov xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şerini əzbərdən bilir...

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun iş qabiliyyəti, Türkiyədəki nüfuzu şübhəsizdir. O, təmənnasız olaraq, milyon dollarla pulunu “Xəzər-Lənkəran”ın, dolayısı ilə Azərbaycan futbolunun inkişafında qurban verir. Çoxlarının buna nə ürəyi, nə də əli gələr. Amma məni bir incə məqam təəccübləndirir: doğrudanmı, Mübariz Mənsimov prezident və fəxri-prezident anlayışları arasında fərq görmür?

Fəxri-prezident heç vaxt adının çəkildiyi klubun, yaxud təşkilatın, firmanın, zavodun, ali təhsil ocağının işlərinə qarışmır. O, yalnız aradabir fikirlərini bölüşə, müəyyən məsləhətlərini verə bilər. Ancaq Mübariz Mənsimov cari məsələlərə hətta prezident səlahiyyətlərindən də çox müdaxilə edir. Kimlərisə tənqid edir, qərar çıxarır, klubun daxili işlərindən danışır. Nə bilim... Bəlkə bu, fəxri-prezident anlayışının milli modelidir?

Fəxri-prezident Mübariz Mənsimovu çıxmaq şərti ilə “Xəzər-Lənkəran” rəhbərliyinə diqqət yetirin: Mais Mənsimov, Rəvan Bəşirov... Mübariz bəy, məgər pullarınızı sağa-sola xərcləmək sizə yaxşı təsir bağışlayır? Əgər həqiqətən də pulun sizin üçün heç bir dəyəri yoxdursa, onda nəyə görə fəxri-prezidenti olduğunuz “Xəzər-Lənkəran” bəzi media orqanlarına verilən 250-300 manatlıq (!!!) reklam müqavilələrinin davasına çıxıb?

Hərdən bəziləri “Mübariz Mənsimov haqda filan şey yazmısınız” deyə zəhləmizi tökürlər. Amma həmin şəxslər Mübariz bəy haqda xəbərləri Türkiyə mətbuatına istinadən yazdığımızı görmürlər, həm də görə bilmirlər. Cılız söhbətlər...

Mais Mənsimov “Xəzər-Lənkəran”ı idarə edə bilmir. Onun 4 ay öncə, ikinci dövrənin başlanğıcında söylədiyi “Lənkəranda uduzmaq olmaz” bəyanatını xatırlayın. Elə bu sözlərdən sonra “Xəzər-Lənkəran”ın qara günləri başladı. Komanda Lənkəranda da uduzdu, Lənkərandan kənarda da. Baş məşqçisi İqor Ponomaryov olan klubdan bundan artığını gözləmək olmazdı. Rasim Karanın istefasından sonra “Biz avropalı məşqçi axtarırıq” deyə özünü ucuz reklam etdirən klub rəhbərliyi heç bir uğuru olmayan Ponomaryovla anlaşdı. Allah xoşbəxt eləsin! Guya, Ponomaryovun “Xəzər-Lənkəran”a gedən “ildırımlı yolları” barədə təsəvvürümüz yoxdur.

Bir-iki kəlmə də vitse-prezidentlərdən. Ötən il 6 ay “Xəzər-Lənkəran”ın vitse-prezidenti olmuş Araz Nəsirovun Azərbaycan futbolundan nə istədiyini anlaya bilmədik. Nəsirov fəaliyyətdə olduğu dövrdə sakit templə, səbirlə uzun moizələr oxuması ilə xatirəmdə qalıb. Onun əvəzinə vitse-prezident təyin olunan Rəvan Bəşirov isə nə etdiyini hələ də bilmir. Məsələn, Bəşirovdan bir sitat: “Xəzər-Lənkəran”ın reklama daha ehtiyacı yoxdur”. Afərin, Rəvan bəy! “Xəzər-Lənkəran” məşhurluğuna görə “Mançester Yunayted”i türkün sözü, bir neçə basamak geridə qoyub. Eyni zamanda, Bəşirov bir-birinə ziddiyyətli açıqlamalar vermək üzrə ixtisaslaşıb.

Bəli, bu klubun pulu var, amma ifaçılar yoxdur. Azarkeşləri qıcıqlandıran, əhəmiyyətsiz qərarlar vermək “Xəzər-Lənkəran” rəsmilərinin adətinə çevrilib. Çox güman ki, “Xəzər-Lənkəran”ın aidiyyatı şəxslərinin yazının bu yerini oxumağa səbirləri çatmayıb və bəyanat hazırlamağa yollanıblar. Özü də belə bir girişdə: “Bu gün bəzi elektron KİV-lərdə... ” Eh, bezdirmisiniz! Belə bəyanatlar küləkdir, əsir keçir.

Aqşin ƏLİYEV
0