Azərbaycan futbolunda kütləvi intizamsızlıq, baş məşqçi 20 oyunluq cəzalandırdı
26.05.2009 - 12:57
Azərbaycan futbolunda kütləvi intizamsızlıq, baş məşqçi 20 oyunluq cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitənin Premyer Liqa klubları ilə bağlı 2008/09 mövsümünün son yığıncağında yalnız bir komanda cəzalandırılıb. Baş məşqçi Valentin Xodukinin Azərbaycan kubokunun “Qarabağ”a qarşı keçirilən final oyunundan sonra mətbuat konfransına gəlməməsi “İnter”in 1000 manat cərimələnməsinə səbəb olub.

Həvəskar futzalçılar arasında Azərbaycan birinciliyinin GMC – “Normicro” matçında meydandan qovulan qonaqların üzvü Tural Murquzov 1 oyunluq diskvalifikasiya edilib.

Həvəskar futbolçular arasında XI ölkə çempionatında isə daha böyük qalmaqal yaşanıb. “Dənizçi” - “Mil” görüşünün 55-ci dəqiqəsində yerli komandanın azarkeşləri tərəfindən kütləvi intizamsızlıq törədilib və hakimlərə fiziki təzyiq göstərilib. Buna görə də “Dənizçi” növbəti oyunlarını neytral stadionda və azarkeşsiz keçirməli olacaq.

Matçın 90-cı dəqiqəsində “Dənizçi”nin futbolçuları Heydər Məmmədov ilə Anar Süleymanov, həmçinin baş məşqçi İxtiyar Asyabi hakimlərə fiziki təzyiq göstərdikləri üçün sərt cəzaya məruz qalıb. Hər iki futbolçu 10, baş məşqçi isə 20 oyunluq cəzalandırılıb. Bu, mövsümün ən ağır cəzası kimi tarixə düşüb. Qalmaqal və matçın başa çatmaması nəzərə alındığından, “Dənizçi”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, Həvəskarlar Futbol Federasiyası bu matçda baş verənlər haqda lazımi ölçü götürüb, İK-nı məlumatlandırmalıdır.
0