“Karvan”da üç futbolçu qalıb
26.05.2009 - 17:25
“Karvan”da üç futbolçu qalıb
Yevlaxın “Karvan” klubunun heyətində cəmi üç futbolçu qalıb. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümünün gedişində olduğu kimi, sonunda da oyunçuların komandanı tərk etməsi vəziyyətin acınacaqlı hal almasına səbəb olub.

Hazırda “Karvan”a müqavilə ilə bağlı olan üç futbolçu istisna olmaqla, yevlaxlıların oyunçusu qalmayıb. Əziz Quliyev, Eldar Hüseynov və Aleksandr İntskirveli istisna olmaqla, bütün yetirmələrini itirən Yunis Hüseynov isə hələ Yevlax təmsilçisini tərk etmək niyyətində deyil. Mütəxəssis sərəncamında olan bu “muşketyorlar”ın da dağılışmağını gözləyir.

Çalışdırıcının sözlərinə görə, Əziz “Neftçi”nin maraq dairəsinə düşüb ki, “Karvan” keçidin baş tutmağı naminə Quliyevlə müqaviləni qarşılıqlı razılıqla pozmağa da hazırdır. Futbolçularının mənafeyini düşünən yevlaxlılar Eldarı da vətəninə yola salmağa razıdır. Ukraynada anadan olub, boya-başa çatan Hüseynov karyerasını elə həmin ölkədə davam etdirmək arzusundadır. Hüseynov yalnız İntskirveli ilə nə edəcəyini bilmir. Klubla bağlı qeyri-müəyyənliklərin olmağına baxmayaraq, mütəxəssis yeni mövsüm üçün sıfırdan bir kollektiv formalaşdırmağa da hazırdır. Hər halda, 2004/05 mövsümündə - həm özünün, həm də klubunun debütündə qurduğu heyətlə bürünc medal qazanan çalışdırıcı bunu bacardığını 5 il əvvəl də sübut edib.

mənbə: extratime.az
0