“La-Pas”ın prezidenti: Bakı “İnter”i hücumçumuzu almaqda maraqlıdır
26.05.2009 - 23:17
“La-Pas”ın prezidenti: Bakı “İnter”i hücumçumuzu almaqda maraqlıdır
Bakının “İnter” klubunun futbolçusu Avqusto Andaveris özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, boliviyalı hücumçu müqavilə ilə məxsus olduğu “La-Pas”a qayıdıb.

Klub prezidenti Mauritsio Qonzales Andaverisin “İnter”lə icarə əsasında bir illik müqavilə bağladığı gündən onu diqqət mərkəzində saxlayıb, geri qayıtmağını gözləyirdi. O, futbolçunun xidmətindən yararlanacaqlarını bildirib: “Andaverisin komandası Azərbaycan çempionatında ikinci olub ki, bunda da futbolçumuzun əməyi az deyil. Birinci dövrədə 7 qol vurması da onun səviyyəsini göstərir. İkinci dövrədə çox oynamamağı isə qol sayını artırmasına imkan vermədi. İstənilən halda, Avqustonun nəyə qadir olduğunu yaxşı bilirik. Özü də Sudamerikana kubokunda bizim belə səviyyəli hücumçuya ehtiyacımız var. O, bir-iki həftə istirahət edib sıralarımıza qoşulacaq. Andaverislə müqaviləmiz var. Yəqin ki, əməkdaşlığımızı əvvəlki tərzdə davam etdirə bilərik”.

Klub prezidentinin sözlərinə görə, Andaverisin “İnter”ə qayıdışı da istisna deyil: “İnter” rəhbərliyi onu yenidən sıralarına qatmaq istəyə biləcəklərini deyib. Bakılılar Andaverisi yenidən komandalarında görməkdə maraqlıdır. Lakin bizim də bu futbolçuya ehtiyacımız var. Hər halda, onlarla danışıqlarımız baş tutsa, Avqustonun yenidən Azərbaycana yollanacaq”.
0