Nikolov “Xəzər”ın ittihamına cavab verdi
26.05.2009 - 23:38
Nikolov “Xəzər”ın ittihamına cavab verdi
Azərbaycan Premyer Liqasının gümüş medalçısı olan Bakının “İnter” klubunun bolqarıstanlı prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- 2008/09 mövsümündə titul qazana bilmədiniz. Rəhbərlik komandanın çıxışından nə dərəcədə razı qaldı?
- Dilxoruq. İndi-indi güclə özümə gəlirəm, fikirlərimi cəmləyə bilirəm. Bir neçə gün məyus vəziyyətdə oldum. Mövsümün bizim üçün belə qurtarması məni çox ağrıdır. Hətta dəhşətli anlarımda da düşünmürdüm ki, Azərbaycan kubokunun finalında uduza bilərik. Uduzduqsa, deməli, taleyimiz belə imiş.

- Ancaq nəzərə alaq ki, sizin kubokla bağlı uğursuz ənənəniz var. Artıq 3 ildir finalda uduzaraq, kuboka həsrət qalırsınız. Sizcə. bu sindromdur? Niyə həlledici anda “İnter” büdrəyir?
- Bu sualınıza konkret cavab verə bilmərəm. Final oyununa qədər mən futbolçularımla danışdım, onların matça necə kökləndiyini, özlərini ən yaxşı tərəfdən göstərmək istəyini gördüm. Baş məşqçimiz Valentin Xodukinin futbolçuların oyuna hansı tapşırıqlar verdiyini eşitdim. Prinsipcə, mən hesab edirdim ki, biz final görüşündə qalib gələ bilərik. Komandanın səviyyəsi elədir ki, istənilən rəqibin öhdəsindən gələ bilər. Ancaq birdən alınmadı... Bilmirəm, niyə belə oldu. Xodukinin “Qarabağ”la görüşdə cəmi bir neçə futbolçunun oynadığını deməsi düzdür. Rəqibin 11 futbolçuna qarşı 5 oyunçu ilə çıxış etmək isə çox çətindir. Bax belə!

- Finalda rəqibə qarşı kobud oynamaqla, qapınıza penalti təyin edilməsinə və ümumilikdə, məğlubiyyətə səbəbkar olan Samir Abbasovdan narazı deyilsiniz?
- Yox-yox, nə danışırsınız. Mən bu sualınızı gözləyirdim. Samir Abbasov Azərbaycanın ən yaxşı futbolçularından biridir. Məncə, Samir ötən mövsümün ən yaxşı futbolçusudur. O da insandır, səhv edə bilər. Praktiki olan bu səhvə görə uduzduq. “Qarabağ” bizi üstələmədi, sadəcə, müdafiəmizin yeganə bir səhvindən istifadə etdi və sonda da kuboka sahib çıxdı.

- “Xəzər-Lənkəran”ın “İnter”ə qarşı irəli sürdüyü ittihamlardan xəbəriniz var?
- Guya, biz bilərəkdən uduzmuşuq?

- “Xəzər-Lənkəran” bəyan edir ki, “İnter” həmin matçda qətiyyən özünə bənzəmirdi, qeyri-əzmkar oynayırdı. Komandanız daha səviyyəli futbolçulardan təşkil olunduğu halda, qələbə istəyi yox idi, qəsdən zəif çıxış etdi...
- Oyunu vermək hətta ağlımdan belə keçməyib. Əlbəttə, “Xəzər-Lənkəran”ın avrokuboklara çıxmaqda kömək etmədiyimizə görə bizdən inciməkdə necə deyərlər, haqqı var. Onu deyə bilərəm ki, bizim üçün ilk növbədə kuboku qazanmaq çox vacib idi. Bunun da nəticəsində “Xəzər-Lənkəran” qitə miqyaslı turnirdə iştirak hüququna yiyələnəcəkdi. Mən “Xəzər-Lənkəran”dakı bütün həmkarlarımı, dostlarımı əmin etmək istəyirəm ki, bilərəkdən uduzmaqla bağlı heç bir tapşırıq olmayıb. Bu nonsensdir. Belə şey sadəcə, ola bilməz. Kuboku qazanmaq niyyətində idik, vəssalam. Mükafata sahib çıxa bilmədiyimizdən çox üzgünəm. Hələ bu vaxta qədər hesab edirəm ki, biz Azərbaycan kubokunu qazanmağa, “Xəzər-Lənkəran” da ölkənizi avrokuboklarda təmsil etməyə layiq idi.

- Bəs kubokun sahibi kimi Avroliqaya vəsiqə qazanan “Qarabağ”?
- Əgər “Qarabağ” kubokunu qazanıbsa, deməli, buna layiqdir.

- “Qarabağ”ın avrokuboklara çıxması Azərbaycan üçün siyasi cəhətdən də önəmlidir. Yəni, Ermənistan Silahlı Qüvvələri komandanın təmsil olunduğu Ağdamın böyük hissəsini işğal edib. İyunun 22-də İsveçrədə UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatmada “Qarabağ”ın adı çəkiləndə komandanın yanında “Ağdam, Azərbaycan” da yazılacaq. Sizcə, siyasətin futbolda rolu varmı?
- Çox təəssüf ki, son vaxtlar siyasət futbolda böyük rol oynayır. Onlar bir-birinə çox bağlıdır. Bu, bütün dünyada belədir. Heç kim sözlərimə yersiz irad tutmasın. Fikir verin, “Barselona” Kataloniya ruhunu təbliğ edir. Kataloniya vilayətində separatizm meyləri yaradır. Siyasət və futbol bir-birinə müdaxilə etməməlidir. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda təmsil etməsi yaxşı haldır. Sadəcə, bəzi hallarda hamı və hər şey qarşısında siyasi amilləri önə çəkmək düzgün deyil. Hər halda, “Qarabağ” futbol klubudur və onlar idman arqumentləri ilə irəli getməlidir. Mənə çox çətin sual verirsiniz. Çünki bir əcnəbi kimi buna qiymət verməyim çətindir. Hərçənd, “İnter”in özü Azərbaycanın milli dəyərlərini qoruyur. Bilmirəm, sizə maraqlı olacaq, ya yox, klubumuzda 15-dən çox adam işləyir ki, onlar məcburi köçkündürlər, qohumları, ataları Qarabağ müharibəsində həlak olublar, yaxud ermənilərə qarşı döyüşüblər, veteranlardır. Belə yolla biz Azərbaycanın milli dəyərlərini qoruyuruq. Açığı, mən daha çox idman aspektləri haqda danışmaq istəyirəm.

- Elə isə bununla bağlı sualıma cavab verərdiniz. Mövsümü titulsuz bitirməyiniz faktı iyunun 30-dək müqaviləsi olan Xodukinin gələcək taleyinə öz təsirini göstərə bilər?
- Yəqin ki, müəyyən anlarda bu, ola bilər. Ancaq “gümüş dubl” bir o qədər də matəmdə olmağa əsas vermir. Məşqçilərin uğuru da olur, uğursuzluğu da. Ancaq nəzərə alaq ki, Xodukinin özü meydanda oynamırdı. Bu, bütün futbolçuların komanda şəklində oyunu idi. Xodukinin işdən azad edilməsi, yaxud istefa verməsi planımıza daxil deyil. Fikir verin, bizim üçün mövsüm hələ davam edir. Komandanı Avroliqaya hazırlaşdırmaq üçün təxminən bir ay vaxtımız qalıb. Buna görə də indi Xodukini dəyişməyi elə də ağıllı qərar saymıram.

- Vaxtınız həqiqətən da azdır. Hər gündən maksimum istifadə etmək lazımdır. İşinizi necə quracaqsınız? Heyətlə bağlı hansı dəyişiklər edəcəksiniz?
- Komandanın rəhbərliyi ilə iclas keçirdim. Futbolçular iyunun 10-da bir araya gələcəklər. Heyətə 4 səviyyəli futbolçu da qoşulacaq. Rəhbərlik onlara baxacaq və saxlayıb-saxlamamağa qərar verəcək. “İnter” 12-15 iyun aralığında təlim-məşq toplanışına yollanacaq. Çox güman ki, komandamız Türkiyədə təlim-məşq keçəcək. Orada son heyət dəqiqləşəcək, komanda qurulacaq. Bildiyiniz kimi, iyunun 22-də püşkatma, iyulun 2-də isə Avroliqada ilk oyunumuz olacaq. Artıq həmin zaman “irəli” komandası veriləcək. Xahiş edirəm, məndən heyətə cəlb edəcəyimiz futbolçuların adlarını soruşmayın. Hələ bu haqda danışmaq istəmirəm. Çünki hər şey ola bilər. Adətən həddən artıq çox danışanda heç nə alınmır.

- Heyətinizdə ciddi dəyişiklər olub-olmayacağını bilmək olarmı? Komandadan çoxlu futbolçular kənarlaşdırılacaq?
- Niyyətimiz belədir ki, əsas komandamızda yeni mövsüm üçün 25-dən çox futbolçu qalmasın. İndi 20 futbolçumuz var ki, onlar komandada yüz faiz qalacaqlar. Onlara əlavə 5 nəfər qoşulacaq. Heyətdə ciddi dəyişiklər olacaq. Açığı, mən bunun əleyhinə idim. Ancaq izlədiyimiz “Qarabağ”la final oyunundan sonra belə qənaətə gəldim ki, bəzi futbolçulara “İnter”də yer yoxdur.

- Yeni gələcək 4-5 futbolçu yerli, yoxsa əcnəbidir?
- Onlardan üçünün legioner, ikisinin isə yerli futbolçu olmasını planlaşdırmışıq. Legionerlər Azərbaycan üçün yeni futbolçulardır. Yerlilərlə bağlı məsələni hələ sonadək müəyyənləşdirməmişik.

- Həmin yerlilər gənc, perspektivlidir, yoxsa təcrübəli?
- 24-26 yaşında gənclər olacaq. Bu, adətən futbolçuda ən məhsuldar dövr sayılır.

- Həm də nəzərə almaq lazımdır ki, ötən mövsümün bombardiri sayılan uruqvaylı hücumçunuz Valter Quqlemonun ötən avrokuboklarda aldığı cəzası başa çatmayıb. O, Avroliqada ilk oyunu buraxmalı olacaq...
- Təəssüf ki, bu, belədir. Quqlemon ötən mövsüm avrokuboklarda özünün yersiz hərəkətinin cəzasını çəkir. Bu, hələ da qüvvədə alır.

- Belə olan halda, sizə mütləq yeni səviyyəli hücumçu lazımdır. Həm də ötən mövsüm avrokuboklarda hücumçu sarıdan ciddi korluq çəkməyinizdən nəticə çıxarmalısınız.
- Həqiqətən də həmin vaxt hücum xətti ilə bağlı problemlərimiz var idi. Bilirsiniz, belə məsələlərə Xodukinin cavab verməsi yaxşı olardı. Çünki Xodukin baş məşqçidir və ona yeni mövsüm üçün komandanın sxemi tam aydındır.

- Yeri gəlmişkən, qış fasiləsində Quqlemonun İspaniyanın “Osasuna” klubundan təklif aldığı və mövsümün bitməsini gözlədiyi deyilirdi. O, komandanızı tərk etməyəcək ki?
- Quqlemon qalacaq. Belə oldu ki, o, ötən mövsüm komandamızda ən aparıcı futbolçulardan, liderlərdən biri oldu. Hesab edirəm ki, Valter ən azı bir il də sərəncamımızda qalacaq.

- Ümumiyyətlə, başqa futbolçunuzun transfer edilməsi ilə bağlı təklif almısınız?
- Yox. Komanda mövsümün uğursuzu sayılırsa, ona xüsusi bir təklif edilmir. Hazırda hansısa futbolçumuza tələbat yoxdur.

- Baş məşqçiniz vətəninə nə vaxt gedəcəyini sizə deyib?
- Xodukin hələ buradır. Avrokuboklarla, komandanın komplektləşdirilməsi ilə bağlı məsələləri tam həll etməyənədək o, heç yerə getməyəcək. Elə mən özüm də burda qalacağam.

- Milli komandamızın da üzvü olan Elvin Məmmədov və Cavid Hüseynov ötən mövsümlə müqayisədə geriləyiblər. Necə düşünürsünüz, bu, onların “ulduz xəstəliyi”nə tutulmalarının nəticəsi ola bilərmi? Bu iki futbolçunun komandadakı gələcək taleyi necə olacaq?
- Elvinlə Cavid “ulduz xəstəliyi”nə tutulub. Cavid final oyunun ilk hissəsində çalışdı və yəqin ki, “özünü yandırdı”. Hər halda, onu başa düşmək lazımdır. Cavidin cəmi 20 yaşı var. Sadəcə, bu iki futbolçuda psixoloji planda hələ nəsə “axsayır”.

- Klubunuzun himayədarı Cahangir Hacıyevlə ötən mövsümü müzakirə etmisiniz?
- Bəli, mən onunla telefonla danışdım. Başa düşürsünüz ki, Hacıyev iddialı adamdır. Elə mən də beləyəm. O da komandamızın belə çıxışına şad ola bilməz. “İnter”in mövsümü titulsuz başa vurması ona da pis təsir edib.

- Rəhbərlik Avroliqada “İnter”in qarşısına hansı vəzifəni qoyub?
- Mən tam əminəm ki, avrokuboklarda iki mərhələ keçə bilərik. Ancaq istənilən halda, bu, püşkatmadan, oyuna psixoloji köklənmədən asılı olacaq. Özünüz da başa düşürsünüz ki, biz Avroliqada mübarizəyə bir az gərgin vəziyyətdə qədəm qoyuruq. Eyni vəziyyət ötən mövsüm də olmuşdu, həmin vaxt da ölkə kubokunun finalında uduzmuşduq. Hər halda, rəqiblərimizdən asılı olaraq, Avroliqada minimum iki mərhələ keçmək vəzifəsini yerinə yetirə bilərik.

- Son günlərdə legioner limiti yenidən gündəmə gəlib. Növbəti çempionatda əcnəbi futbolçulara məhdudiyyət qoyulacağı bildirilir. Düzdür, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdə də limitin olmayacağını, eyni zamanda legionerlərə görə ödənilən rüsumların məbləğinin artacağını deyib. “İnter”in heyətində çoxlu legionerlər var. Buna görə də bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Açığı, heç bilmirəm ki, bu haqda nə düşünüm. Ramin Musayev limitin olmamasının qüvvədə qalacağını deyir. Berti Foqts isə Azərbaycan milli komandasının baş məşqçisi kimi söyləyir ki, legionerlərə limit olacaq. Məncə, “6+5” variantını təklif edir. Hesab edirəm ki, AFFA bizim futbola rəhbərlik edən bir qurum kimi legioner limiti ilə hansı yolu tutacağını artıq ayırd etməlidir. Elə günü bu gün bunu müəyyənləşdirməlidir ki, limit olacaq, ya yox. Yerimizdə durub, qeyri-müəyyənlikdə hansı aqibətlə üzləşəcəyimizi gözləmək düzgün deyil. Legionerlər üçün rüsum artarsa, bu, xoşagəlməz hal olacaq. AFFA rəhbərliyi ilə söhbətimin təcrübəsi mənə belə deyir ki, onlarla bu məsələdə mübahisə etmək yersizdir.
0