Uels yığmasından Azərbaycan millisi üçün xoş xəbər
27.05.2009 - 10:00
Uels yığmasından Azərbaycan millisi üçün xoş xəbər
İyunun 6-da Azərbaycanla qarşılaşacaq Uels yığmasına daha bir itki üz verib. Apasport.az saytının məlumatına görə, “Şeffild Yunayted” klubunda çıxış edən Devid Kotterill britaniyalıların 22 nəfərlik heyətindən çıxarılıb. Buna futbolçunun İngiltərə çempionatının pley-off oyununda aldığı zədə səbəb olub.

Toplanışa 22 oyunçu dəvət edib Estoniya ilə mayın 29-da yoxlama oyunundan sonra Bakıya gətirəcəyi 20 nəfəri müəyyənləşdirəcək Con Toşakın problemləri bununla bitməyib. Həmin “22-lik”dən iki nəfəri ixtisar etməyi planlaşdıran Uels yığmasının baş məşqçisi hazırlıqlara cəmi 19 nəfərlə başlayır. Belə ki, heyətdən çıxarılan Kotterillə yanaşı, zədələnən Sem Rikkets və Devid Edvards da yığmanın düşərgəsinə qatılmayıb. Toşak ən yaxşı halda, onların digərlərindən bir neçə gün sonra toplanışa qoşulacağına ümid edə bilər.

Qeyd edək ki, hələlik yığmaya yeni oyunçu çağırmayan mütəxəssis Kotterillə qədər Kreyq Bellami, Ceyson Kumas, Saymon Devis və Karl Fletçerin də Azərbaycanla oyunu buraxmağı ilə barışmışdı.
0