“Avropa Liqasında oynamağa pulumuz yoxdur”
27.05.2009 - 10:58
“Avropa Liqasında oynamağa pulumuz yoxdur”
Qazaxıstanın “Jetısu” klubu Avropa Liqasında oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında yalnız 6-cı yeri tutmasına baxmayaraq, birdən-birə üç komandanın dağılmağı sayəsində vəsiqə əldə edən Taldı-Kurqan təmsilçisinin özü də qitə arenasına çıxmaq istəməyib.

Klubun həm baş məşqçisi, həm də direktoru olan Vait Talqayev bunu pulsuzluqla bağlayır. Bir vaxtlar Azərbaycan milli komandasının sabiq futbolçusu Dmitri Kramarenkonun oynadığı Rusiyanın “Terek” klubuna başçılıq etmiş mütəxəssis Avropaya səfər etməyin artıq xərc olduğunu bildirib: “Hamı elə bilir ki, “Jetısu” imkanlı klubdur. Əslində, bizim kiçik büdcəmiz var. Klubun direktoru kimi xərcləri mən hesablayıram. Üstəlik, Avropaya uçuşlara da para xərcləmək bizə sərf etmir. Mövsüm öncəsi qitə kuboklarına çıxacağımızı güman etmirdik. Bu heç planlarımıza da daxil deyildi. Buna görə də Avropa Liqasında oynamaqdan imtina etdik. Yalnız və yalnız pulumuzun yoxluğuna görə. Yoxsa ki, biz də oynamaq istəyərdik”.
0