“Bu işlə daim məşğul olduğuma görə çox utanıram”
27.05.2009 - 12:10
“Bu işlə daim məşğul olduğuma görə çox utanıram”
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqibi olan Rusiya yığması problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Qus Hiddinkin çalışdırdığı komanda hazırlıq keçməyə yer tapmır.

İyunun 10-da Helsinkidə Finlandiya ilə rəsmi oyun keçirəcək rusların Moskvada stadion tapa bilməməsi Hiddinki də narazı salıb: “İyunun 3-də axşam Moskvada bir araya gəlib, hazırlığa başlayacağıq. Çox təəssüf ki, növbəti dəfə klublardan birinə bizə məşq meydançası verməyi xahiş etdik. Bu işlə daim məşğul olduğuma görə çox utanıram. Ancaq əfsuslar olsun ki, vəziyyət dəyişmir. Axı Rusiya yığmasının nə vaxt öz evi olacaq?! Digər futbol federasiyalarının öz hazırlıq mərkəzləri olduğu halda, Rusiyada hələ bu haqda danışırlar, ancaq az fikirləşirlər. Misal üçün yaxınlarda Macarıstanda milli komandalar üçün əla baza açılıb. Ola bilsin ki, bizim məsələdə hansısa yolla siyasət rol oynayır. Bu, mənə məlum deyil. Əgər belədirsə, bunu demək istəyirəm: siyasəti bir kənarda qoyun və Rusiya futbolu haqda düşünün!”
0