Çempionlar Liqası tarixinin rəmzi yığması müəyyənləşdi
27.05.2009 - 12:16
Çempionlar Liqası tarixinin rəmzi yığması müəyyənləşdi
Bu gün keçiriləcək Çempionlar Liqasının final oyunu ərəfəsində UEFA turnirin tarixinin rəmzi yığmasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1956-cı ildən 1992-ci ilə qədər keçirilən Çempionlar Kuboku və son 17 ildəki Liqa matçlarının ən yaxşı 11 oyunçusunu 5 milyona yaxın azarkeş seçib.

Fanatlar arasında aparılan sorğunun nəticələrinə əsasən, rəmzi komandanın qapısı Oliver Kana həvalə olunub. Almaniya yığmasının sabiq qapıçısı həmyerlisi Zepp Mayer və bu günkü finalın iştirakçısı hollandiyalı Edvin Van der Sarı qabaqlayıb.

Heyəti 3-4-3 sxemi ilə tərtib edən UEFA-nın sorğusunda arxa xətdə italiyalılar üstünlük təşkil edib. “Milan”ın əfsanələri Franko Barezi və Paolo Maldini ilə yanaşı, almaniyalı Frans Bekkenbauer də rəmzi yığmada yer alıb. Orta sahədə isə britaniyalılar Corc Best və Stiven Cerrard, həmçinin Madrid “Real”ının əfsanələri Fransisko Hento və Alfredo di Stefano qərarlaşıb. Cerrard karyerasını davam etdirənlər arasında “11-liy”ə düşən yeganə futbolçudur.

Hücum xəttində “Kral klubu”nun daha bir əfsanəsi macar Ferens Puşkaş, həmçinin madridlilərin əbədi rəqibi Yohan Kroyfla yanaşı, “Liverpul”lu Kenni Dalqliş yer alıb.
0