MOİK Petar Zlatinovu “İnter”dən almaq istəyir
27.05.2009 - 13:10
MOİK Petar Zlatinovu “İnter”dən almaq istəyir
Bakının “İnter” klubunun futbolçusu Petar Zlatinov komandanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın ən titullu klubu Sofiya MOİK-i 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

“Hərbçilər”in rəhbərliyi də Zlatinova olan marağı təsdiqləyib: “Həqiqətən də Petar Zlatinovu geri qaytarmaq istəyirik. Lakin bu, götür-qoy etdiyimiz bir neçə variantdan biridir. Hansı seçimi edəcəyimizə hələ qərar verməmişik. Bu səbəbdən də yarımmüdafiəçiyə müqavilə təklif etməyimiz haqda danışmaq tezdir”.

2000-02-ci illərdə MOİK-in şərəfini qorumuş Zlatinov sonradan Minskin “Dinamo” klubuna transfer olunub. Ardından vətənə qayıdan futbolçu “Çernomorets” və “Liteks”də oynayıb. 2008-ci ilin yanvarında isə Bakı “İnter”inə keçib. Təcrübəli yarımmüdafiəçi ölkəmizdə çıxış etdiyi dövrdə Premyer Liqanın qızıl və gümüş medallarını qazanmaqla yanaşı, iki dəfə kubokun finalında mübarizə aparıb. Bundan başqa, Petar “İnter”in heyətində avrokuboklarda qol vurmağa da nail olub.
0