Mübariz Mənsimovdan hər futbolçuya 50 min dollar mükafat!
27.05.2009 - 14:20
Mübariz Mənsimovdan hər futbolçuya 50 min dollar mükafat!
“Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş” klubuna yenidən külli miqdarda pul xərcləməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul komandası çempion olacağı təqdirdə, Mənsimov hər futbolçuya 50 min dollar mükafat verəcək.

Bu, “Xəzər-Lənkəran”ın fəxri prezidentinin “Beşiktaş” yolunda ilk fədakarlığı deyil. Belə ki, cəmi 2 həftə öncə, mayın 13-də Türkiyə kubokunun finalında “Fənərbaxça”ya qalib gələn (4:2) “qara qartallar”ın hər üzvü Mənsimov tərəfindən 25 min dollar məbləğində mükafatlandırılmışdı.

2003-cü ildən bəri çempion ola bilməyən “Beşiktaş” futbolçularının qonorarı bununla bitmir. Klub prezidenti Yıldırım Dəmirörən oyunçulara 150 min dollar mükafat boyun olub. Beləliklə, qızıl medal qazanacaqları təqdirdə, hər futbolçu 200 min dollar qazanacaq. Mənsimovun canfəşanlığı isə onun “Beşiktaş”ın İdarə Heyətinin üzvü olması ilə əlaqələndirilir.

Qeyd edək ki, son tur ərəfəsində “Beşiktaş” 68 xalla liderdir. Mustafa Dənizlinin komandası ən yaxın izləyicisi “Sivasspor”u 2 xal qabaqlayır. Superliqaya mayın 30-da yekun vurulacaq. Həmin gün “Sivasspor” “Qalatasaray”la matçda xal itirərsə, “Beşiktaş”ın “Dənizlispor”la oyunu formal xarakter daşıyacaq.
0