Toşak yığmamızla oyuna daha bir futbolçu çağırdı
27.05.2009 - 14:50
Toşak yığmamızla oyuna daha bir futbolçu çağırdı
İyunun 6-da keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasının rəqibi olan Uels yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, britaniyalıların baş məşqçisi Con Toşak təcrübəli müdafiəçi Danni Qabbidonu da heyətə çağırıb.

Milliyə dəvət etmək istədiyi yetirmələrinin zədəli olmasından əziyyət çəkən mütəxəssis ilkin “22-liy”ə daxil etmədiyi futbolçuya məcburiyyətdən dəvət göndərib. İngiltərənin “Vest Hem” klubunda çıxış edən Danni yığmaya qayıtmağına sevindiyini açıqlayıb: “Milliyə qayıdışım uzun və çətin oldu. Amma heç vaxt özümə şübhə etməmişəm. Son həftələr oyunumdakı irəliləyişi hiss edirdim və yığmaya qayıtmaq haqda düşünürdüm. Yaxşı tanıdığım komanda ilə yenidən birlikdə olacağıma sevinirəm. Bu mənim yaşadığım çətinliklərdən sonra yenidən inkişafda olduğumu göstərir”.

Qeyd edək ki, Qabbidon Uels yığmasında 40 matç keçirib.
0