Şevçenko: Ukrayna vətəndaşı olsam da, mən bakılıyam - EKSKLÜZİV
28.05.2009 - 03:17
Şevçenko: Ukrayna vətəndaşı olsam da, mən bakılıyam - EKSKLÜZİV
Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Vadim Şevçenkonun apasport.az saytına eksklüziv müsahibəsi

- Keçmiş bakılı Vadim Şevçenkonun əhval-ruhiyyəsi necədir?
- Çox sağ olun, yaxşıdır. Keçmiş bakılı deməyin, mən indi də bakılıyam. Baxmayaraq ki, Ukraynada yaşayıram, buranın vətəndaşıyam.

- AFFA Azərbaycan - İspaniya matçını idarə etmək üçün Ukrayna Futbol Federasiyasına rəsmi müraciət edib. Başçılıq etdiyiniz Hakimlər Komitəsi seçim edibmi?
- Bəli. İyunun 9-da Bakıda keçiriləcək Azərbaycan - İspaniya görüşünü İqor İşenko idarə edəcək. Biz rəsmi müraciəti yalnız dünən aldıq. Yəqin ki, bu gün cavab verə bilməyəcəyik. Ancaq yaxın zamanda lazım olan hər şeyi göndərəcəyik.

- İqor İşenkonu necə xarakterizə edərdiniz?
- 1967-ci il təvəllüdlü İşenko təcrübəli və 7 ildir FİFA hakimidir. Həm daxili yarışlarda, həm də beynəlxalq miqyasda çoxlu oyuna təyinat alıb. Hal-hazırda Ukrayna Premyer Liqasında başa çatan mövsümün yekunlarına əsasən aparıcı hakim sayılır.

- Bildiyimizə görə, digər ukraynalı FİFA hakimi Oleq Orexovun da Azərbaycan - İspaniya görüşünü idarə etmək variantı var idi. Niyə seçimdə onun üzərində dayanmadınız?
- Orexovun bir az zədəsi var. Azərbaycan - İspaniya görüşü isə elə-belə qarşılaşma deyil. Hər halda, milli komandanız son Avropa çempionları ilə görüşəcək. Bizim hakimlər üçünsə Azərbaycan – İspaniya matçını idarə etmək böyük fəxrdir. Bu səbəbdən oyuna tam hazır olan hakimi göndərmək istədik. Elə hakim ki, yalnız 100 yox, 110 faiz hazır olsun.

- AFFA-dan belə bir oyunu idarə etmək üçün məhz ukraynalı hakimlərə dəvəti gözləyirdiniz?
- Açığı, yox. Bu, bizim üçün xoş gözlənilməz hal oldu. AFFA və Ukrayna Futbol Federasiyaları, habelə bu futbol qurumlarının Hakimlər Komitəsi ilə gələcək əməkdaşlığa ümid edirəm. Şəxsən özümə gəlincə, bayaq dediyim kimi, keçmiş bakılı olmur. Hazırda da özümü bakılı sayıram.

- Azərbaycanı indi də vətəniniz sayırsınız?
- Əlbəttə. Azərbaycanda anadan olmuşam. Dəqiq yadımda deyil, amma həmin vaxt ölkəniz yeniyetmələrdən ibarət yığma komandaların seçmə mərhələ oyunlarını qəbul edirdi. Mən həmin vaxt UEFA nümayəndəsi kimi orada idim. Sizə deyim ki, Bakı yaxşılığa doğru çox dəyişib. Xüsusilə, şəhərin mərkəzi hissəsi. Bakı, Azərbaycan bu gün layiqli yerini tutur. Ukraynadan ölkənizdə çoxlu məşqçilərimiz çalışır və onlar heç də pis rollarda çıxış etmirlər. Azərbaycanlı məşqçilər də nə vaxtsa Ukraynada işləyəcəklər. Fikrimcə, o gün elə də uzaqda deyil.

- AFFA Ukraynadan hakim dəvət etməklə, qarşılıq əməkdaşlığın təməlini qoyur. Gələcəkdə bizim hakimlərin yığmanızın oyunlarına dəvət etmək perspektivinə necə baxırsınız?
- Bu əməkdaşlıq mütləq olacaq. AFFA-nın Hakimlər Komitəsi ilə bu məsələni razılaşdırmışıq. Gələcəkdə milli komandamızın yoldaşlıq görüşləri olanda bu oyunları idarə etmək üçün hakimlərinizi göndərəcəyinizi, bu işdə bizə kömək etməyi xahiş edəcəyik.

- AFFA millimizin ötən ilin noyabrın 19-da Bakıda Albaniya ilə yoldaşlıq görüşünü idarə etmək üçün Gürcüstana rəsmi müraciət etmişdi. Ancaq FİFA hakimi Laşa Silaqavanın idarəçiliyi heç də yaxşı alınmadı. Ondan narazı olan albanlar hakimin bizə simpatiya göstərdiyini iddia edərək, hətta ikinci hissədə meydana çıxmaq istəmədilər. Rəqibin Avropa çempionu olduğunu nəzərə alsaq, ukraynalı hakimlərlə bağlı belə problemlər yaranmayacaq ki?
- Mən keçmiş hakim kimi onu demək istəyirəm ki, hər oyunda problemlər olur. Albanların öz mentaliteti var, onlar bəzi anlara özünəməxsus şəkildə baxıblar. Hesab etmirəm ki, nəinki öz ölkəsinin, həm də FİFA-nın şərəfini qoruyan hakimlər hansısa kompromisə girəcəklər. Hər bir beynəlxalq dərəcəli hakim meydana çıxanda ilk növbədə onu fikirləşir ki, öz ölkəsini, FİFA-nı və ən nəhayət, öz adını təmsil edir. Ola bilsin ki, gürcü hakimlərdə nəsə alınmadı. Hər halda, albanların dedikləri subyektiv fikirlərdir. Hesab edirəm ki, onlar sonradan hərəkətlərinə görə peşman olacaqlar.

- Onu da nəzərə almaq lazımdır ki, UEFA-nın Hakimlər Komitəsinin sədri Anxel Vilyar Llona İspaniya Futbol Federasiyasının prezidentidir...
- Belə hesab edirəm ki, hakimliklə bağlı problem olmayacaq. Çünki bu yaz bütün Avropa bizim klublarının UEFA kubokunda Ukraynanı necə təmsil etdiyinin şahidi oldu. Bu, həm “Metallist”, həm “Şaxtyor”, həm də Kiyev “Dinamo”suna aiddir. Üstəlik, bu komandalar bu turnirdə bir-biri ilə də görüşdü. İnanın ki, məsələyə fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, komandaları Avropada belə çıxış edirsə, zəif hakimlər daxili çempionatda idarəçilik edə bilməzlər. Ukraynalı hakimlər səviyyəlidirlər.

- İşenkonun köməkçiləri nə vaxt məlum olacaq?
- Bizdə dünən çempionatda son turun oyunları keçirildi. İşenko da Xarkovda oyun idarə edirdi. Onun qayıdışını gözləyirəm. İşenkonun köməkçiləri ilə bağlı məsələni müzakirə etmək üçün onunla görüşməliyəm. İqor hansı hakim-köməkçilərinin onun üçün daha münasib olduğunu deyəcək. İstənilən halda, onlar da FİFA-nın hakimləri olacaq. Mən köməkçilərlə bağlı məsələ ilə əlaqədar İşenkonun fikrini dinləyəndən sonra qərarımı qəbul etməliyəm. Hakimlərin adları ilə AFFA-nı rəsmən məlumatlandıracağıq.

- Azərbaycan - İspaniya matçının nəticəsi ilə bağlı nə proqnoz verərdiniz? Sizcə, milli komandamız öz meydanında Avropa çempionlarına qarşı layiqli çıxış edə bilərmi?
- Ümumiyyətlə, proqnoz verməyin tərəfdarı deyiləm. Məncə, milli komandanızı Berti Foqts çalışdırır, elədir?

- Doğrudur.
- Bizim xalqın – Azərbaycan xalqını nəzərdə tuturam - əhval-ruhiyyəsini nəzərə alsaq, milli komanda Avropa çempionlarının qarşısında layiqli təsir bağışlamaq üçün hər şeyi edəcək. Mən bu işdə onlara uğurlar arzulayıram.

- Qardaşınız, tanınan mütəxəssis Vitali Şevçenko ötən əsrin 60-70-ci illərində “Neftçi”də oynayıb. Hazırda onun işləri nə yerdədir?
- Qardaşımın sonuncu iş yeri Odessanın “Çernomorets” klubu olub. Vitali istefa verdikdən sonra hazırda heç yerdə işləmir. Hələ ki ailə məsələləri ilə məşğuldur.

- Bir ara Vitali Şevçenkonun Azərbaycanda çalışacağı, hətta milli komandamızın baş məşqçi postuna namizəd olduğu deyilirdi...
- Onun öz problemləri var. Tale elə gətirdi ki, mən Ukraynada yaşayıram, o isə Rusiyada. Qardaş, hər ikimiz bakılı olsaq da, hərəmiz bir ölkənin vətəndaşıyıq. Ancaq istənilən halda, biz hamımız Bakının yetirmələriyik, ordan çıxmışıq.
0