İFFHS prezidentindən xoş xəbər
27.05.2009 - 23:00
İFFHS prezidentindən xoş xəbər
“Mahmud Qurbanovun altı klubun heyətində üst-üstə 10 dəfə ölkə çempionu olması, bütün zamanların ən yaxşı nailiyyəti sayıla bilər”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) prezidenti Alfredo Poje deyib.

Dünyanın ən nüfuzlu idman statistikası təşkilatının rəhbəri Azərbaycan Premyer Liqası tarixinə çempionluq rəmzi kimi düşən yarımmüdafiəçinin üç göstəricisi ilə bağlı fikir söyləməyin çətinliyini belə izah edib: “Təşkilatımız 1888-ci ildən başlayaraq, bütün ölkələrdə və bütün illərdə keçirilən milli çempionatların tarixini araşdırır. Lakin araşdırmaları hələlik yalnız 1911-ci ilədək gətirib çıxarmışıq. Bu səbəbdən mütləq rekord haqda danışmaq mümkün deyil”.

Poje 6-sı ardıcıl olmaqla, 10 dəfə ölkə çempionu olan Mahmudun bu iki göstəricisində qeyri-adilik görmür: “Lakin bizim araşdırdığımız dövrdə də 10 dəfədən artıq ölkə çempionluğu qazanan olub. Elə sonradan da bu nəticəni təkrarlayanların olduğuna əminəm. Mahmudun ardıcıl qazandığı qızıl medalların sayı isə, ümumiyyətlə, rekordlardan çox uzaqdır. Axı o, ən yaxşı halda 6 dəfə ardıcıl çempion heyətdə yer alıb. Ancaq çempionluqları altı müxtəlif klubla qazanılması, futbolçunuz həqiqətən də böyük nailiyyətə imza atıb. Bu, mütləq dünya rekordu da ola bilər. Amma tam əmin də deyiləm”.

İFFHS-in prezidenti Qurbanovun 10 qat Azərbaycan çempionu olmasını da tam düzgün saymır: “Mənə elə gəlir ki, 1996/97 mövsümündə “Neftçi”nin heyətində qazandığı çempionluq da Qurbanovun hesabına yazılmalıdır. Axı Çempionlar Liqasına da ölkə çempionu kimi qazanılan vəsiqə “Neftçi”yə çatıb”.
0