Zeynal Məmmədov: “Bakı” Rəşad Sadıqovla uzun müddətli müqavilə bağlayacaq - MÜSAHİBƏ
27.05.2009 - 23:29
Zeynal Məmmədov: “Bakı” Rəşad Sadıqovla uzun müddətli müqavilə bağlayacaq - MÜSAHİBƏ
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi

- Komandanızı iki aydan sonra Çempionlar Liqasında məsul sınaq gözləyir. Transfer məsələləri ilə bağlı iş nə yerdədir?
- Hazırda transfer məsələləri üzərində işləyirik. İyunun 22-dək bütün sənədləri, iştirak ərizəsini UEFA-ya göndərməliyik. Ona görə də işləri o vaxta kimi yekunlaşdırmaq lazımdır. Amma hələlik kimisə almağımızla bağlı dəqiq bir şey yoxdur. Variantlar var, ancaq bu, müqavilə bağlanması ərəfəsində real alacaq. Həmin vaxt yeni futbolçularımızın kimliyinə aydınlıq gələcək.

- Nə qədər yeni futbolçu alacağınızı müəyyənləşdirmisinizmi?
- Bəli. Bizə ən azı 5-6 futbolçu lazımdır.

- Bəs mövqelər hansılardır?
- Qapıdan başqa bütün mövqelərə. Bizə yarımmüdafiənin cinahlarına, müdafiə və hücuma da futbolçu lazımdır.

- Gedəcək futbolçuları dəqiqləşib?
- Hələlik dəqiq gedənlər Deyan Brankoviçlə Stanislav Baçevdir. Hər ikisinin müqaviləsinin müddəti bitib. Müqaviləsi olan bir-iki futbolçu var ki, onları da yola salacağıq. Onlarla danışıb, qarşılıqlı şəkildə məsələni həll edəcəyik.

- Gedən futbolçular arasında Draqan Naçevski, Aleksandr Tamaş və Əhməd Ticaninin də adı hallanır...
- Baxaq görək necə olacaq. Bu, baş məşqçidən asılıdır. Ticaninin komandada qalacağını deyə bilərəm.

- Böyük ümidlərlə transfer olunan Georgi Demetradzenin taleyi necə olacaq? Onunla hələ bir illik müqaviləniz var...
- Demetradze kimi müqaviləsi olan bəzi futbolçuların məsələsinə baxacağıq. Ya onlar transferə çıxarılacaq, ya da müqavilə xətm olunacaq. Hələ bu məsələ haqda danışmamışıq. Bir həftəyə qərar çıxararıq.

- Hücum xəttində oynayan Georgi Adamiyanın və Ukraynanın “Xarkov” klubundan icarəyə götürülən Vilyam Roşa Batistanın da müqaviləsi bitib...
- Çalışacağıq ki, onlarla müqaviləni yeniləyək.

- Adamiya ilə ilkin söhbətiniz olub?
- Olub.

- Hiss olunur ki, bu futbolçu Avropada oynamağa can atır...
- Bəli. Adamiya xarici kluba, Avropaya getmək istəyir. Mən də ona demişəm ki, maneçilik törətməyəcəyəm. İstəsən, gedə bilərsən. Adamiya bildirib ki, Azərbaycanda oynasa, “Bakı”da çıxış edəcək.

- Adamiyaya konkret hansı xarici klubdan təklif gəlməsi haqda məlumatınız var?
- Vallah, onu soruşmadım. Amma dedi ki, mənim bir ciddi variantım var. Əgər alınsa, həmin kluba keçəcəyəm. Alınmasa, “Bakı”ya qayıdacağam.

- Qış fasiləsində transfer etdiyiniz, ancaq transfer vərəqəsi gəlmədiyinə görə kənarda qalan mərakeşli hücumçu Hasan Suarinin problemi həll olundumu?
- Bəli. Onun transfer vərəqi gəldi. Bu, “Muğan”la görüş öncəsi olsa da, baş məşqçimiz Qyoko Hacıyevski onu oynatmadı. Amma fikirləşirəm ki, Hasan Çempionlar Liqasında bizə kömək edəcək. Artıq onun problemi qalmayıb.

- Hacıyevski Rəşad Sadıqov səviyyəsində futbolçu istədiyini bəyan etmişdi. Türkiyənin “Kocaelispor” klubu ilə müqaviləsi bitən bu müdafiəçinin transferini nə dərəcədə real sayırsınız?
- İndidən bu haqda bir şey deyə bilərəm. Vəziyyətə baxacağıq. Bəlkə Rəşadla yalnız Çempionlar Liqası üçün qısa müddətli yox, uzun müddətli müqavilə bağladıq. Bunu bilmək olmaz. Baş məşqçimiz gəlsin, qərarımızı verərik.

- Rəşadın “Kocaelispor”dakı komanda yoldaşı Ramal Hüseynov müqavilə ilə sizə məxsusdur. İcarə müqaviləsi başa çatan bu yarımmüdafiəçini yenidən heyətinizə qatmaqda maraqlısınız?
- Bu da baş məşqçimizdən asılıdır. O, buna qərar verəcək. Digər yarımmüdafiəçimiz Elnur Abdullayevin də icarə müqaviləsi bitib. Əgər onlar komandamızda oynamalı olmasalar, yenə icarəyə verəcəyik.

- Türkiyə Superliqasında mövsümün bitməsini bir tur qalsa da, Ramal hələ də debüt etməyib. O, “Bakı”nı oyun praktikası sarıdan korluq çəkdiyinə görə tərk etdi, ancaq “Kocaelispor”da daim ehtiyatda qaldı. Bunun belə olacağını gözləyirdiniz?
- Ramal yaxşı insandır, yaxşı xasiyyəti var. Amma özündən razıdır. Futbolçu güclü olduğunu meydanda göstərməlidir. Əgər oynamırsa, deməli, məşqçilər ona tam etimad göstərə bilmirlər. Belə çıxır ki, məşqçilərin oyunu onu qane etmir.

- Qış fasiləsində bir sıra tanınan futbolçuların adları klubunuzun ətrafında hallanırdı. Belə oyunçulardan olan Tümər Mətinin transferini reallaşdırmağa çox yaxın idiniz. Bu məsələ yenidən gündəmə gələ bilərmi?
- Ola bilər. Ancaq bugünkü gündə adlara yox, bizə kömək edə bilən futbolçuya ehtiyac var. Tanınmış futbolçu olsa, bu, yaşı 30-dan yuxarı, 34-35 yaşlı olacaq. Bu yaşda adlı-sanlı futbolçu Azərbaycana gəlməyə razılıq verir. Amma bizə gənc cavan futbolçular lazımdır.

- Daxili transfer bazarında belə yerli futbolçular transfer siyahınızda yer ala bilər?
- Bəli. Hər şey ola bilər. Əsas odur ki, onlara komandamıza kömək etmək iqtidarında olsun. Transfer siyasətinə xüsusi diqqət yetirəcəyik.

- Yəqin ki, menecerlər sizə çoxsaylı futbolçular təklif edib?
- Elədir. Çoxlu təkliflər almışıq.

- Sizə konkret hansı ölkələrdən futbolçular təklif olunur?
- Bizə Rusiyadan, Ukraynadan, Belarusdan, Gürcüstandan, İspaniyadan, Portuqaliyadan, İtaliyadan, Almaniya, Belçikadan, İsraildən, hər yerdən təkliflər var.

- Aralarında tanınan futbolçu varmı?
- Onların nə dərəcədə tanınan futbolçular olduğunu deyə bilmərəm. Amma bizimlə əlaqələr quraraq, yaxşı futbolçular təklif edirlər. Hələ ad açıqlaya bilmərəm.
0