Hasan Şaşla Tümər Mətin Azərbaycan çempionuna yaraşmadı
28.05.2009 - 01:21
Hasan Şaşla Tümər Mətin Azərbaycan çempionuna yaraşmadı
"Tümər Mətini komandamıza gətirə bilərdik. Amma arxasınca düşmədik. Yaşı çoxdur, formada deyildi. Gəlməli, sonra 3-4 aya forma yığmalı idi. O, özünə gələnədək çempionat da qurtaracaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

O, sabiq "Fənərbaxça"lı futbolçunun gündəmdən çıxdığını və türkiyəlini almaq üçün "Larisa"ya müraciət etməyəcəklərini vurğulayıb: “Onsuz da çempion olduq. Türkiyəli indi Yunanıstandadır. Bizə ulduzu sönmüş oyunçular lazım deyil. Nə olsun, Hasan Şaşı da bizə demişdilər. Qışda təklif eləmişdilər, indi də xəbər göndəriblər. Hasan vaxtilə yaxşı futbolçu olub. Bu gün o, "Bakı"ya yaramır. Yaşı 30-u çoxdan keçib, "Qalatasaray"da əsas heyətə düşmür, yığmadan da çoxdan kənarlaşdırılıb. Əvvəl yaxşı futbolçular olub deyə, bütün "qocalar"ı bura yığmalı deyilik ki... Dünyanın elə bir yeri yoxdur ki, menecerlər mənə zəng vurmasın. Gündə onlarla məktub alırıq. Təklif olunan futbolçuların sayını itirmişəm. Tunc Afşar hazırda Türkiyədədir. Klubumuzun vitse-prezidenti kimi o, Türkiyədə bu işlərlə məşğuldur. Hansı futbolçular barədə məlumat toplasa, bizə xəbər verəcək".
0