Nazir oğlu Çempionlar Liqasından danışdı
29.05.2009 - 10:51
Nazir oğlu Çempionlar Liqasından danışdı
“Bakı" futbol klubunun fəxri prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun apasport.az saytına müsahibəsi

- 2008/09 mövsümündə “Bakı”nın çıxışını necə dəyərləndirirsiniz?
- Komandanın builki çıxışı bizi çox sevindirdi. Fikrimcə, komandamız həqiqətən çempionluğa layiq idi. Bilirsiniz ki, "Bakı"nın öz strategiyası var və iş müəyyənləşdirilmiş istiqamət üzrə gedir. Premyer Liqada iddialı komandaların sayının çoxluğu birinci yer uğrunda mübarizənin göstəricisidir. Qızıl medal qazanmağımız düzgün yolda olmağımız anlamına gəlir. Ancaq bununla kifayətlənməyib, Azərbaycanı Avropada layiqincə təmsil etməyə çalışacağıq.

- "Bakı" artıq 3 dəfə qitə miqyaslı turnirlərdə iştirak edib. Çempion Liqasında isə ikinci dəfə qüvvəsini sınayacaq. Bu dəfə konkret məqsədiniz nədir?
- Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniridir. Bu yarış hər yerdə böyük maraqla izlənilir. Biz Çempionlar Liqasına hədəfsiz getmirik. Planımızda odur ki, iki mərhələ keçək. Yarışın qrup mərhələsində çıxış etmək "Bakı" üçün ciddi uğur olardı. Azərbaycan klublarından heç biri hələlik buna nail olmayıb. "Bakı" tarixə düşə bilər. Hər şey klubun öz əlindədir.

- Necə fikirləşirsiniz, Avropada uğur qazanmaq üçün ilk növbədə nə etmək lazımdır?
- Komandanın hazırkı heyəti kifayət qədər böyükdür. Yaxşı futbolçularımız var. Amma heyəti bir qədər də gücləndirməliyik. Güclü oyunçular transfer edəcəyik.

- Premyer Liqanın qalibi son turda məlum oldu...
- Yarandığı gündən "Bakı"nın fəaliyyəti ilə yaxından maraqlanıram. Geridə qalan 5 il ərzində bir neçə titul qazanmışıq. Hər il olduğu kimi, bu mövsüm də bəzi oyunları stadiondan izləmişəm. Sonuncu matçda da komandanın yanında olduq. Bütün klublar çempion olmaq istəyir. "Bakı"nın oyun dəst-xətti məni razı salır. Baş məşqçinin işi görünür. Qyoko Hacıyevski səviyyəli mütəxəssisdir. Biz onu dəstəkləyirik.

- Komandanın oyununu dəyərləndirərkən, hansı futbolçunu fərqləndirərdiniz?
- Konkret ad çəkmək istəmirəm. Çempionluqda bütün futbolçuların əməyi var. Ümidləri doğrultdular. Futbol komanda oyunudur. Burada uğur qazanılarkən, bütün kollektiv qiymətləndirilməlidir. Bu uğurun keçici olmaması üçün işlər görülür. Yeni avtobus alınıb. Yaxın vaxtlarda bazamızın açılışı olacaq. "Delfin"in ərazisində məşq meydançaları salınıb. Digər planlar var, onlar da bir-bir həyata keçiriləcək. Klubun öz stadionu olmalıdır. "Bakı" çempion adını qazandısa, bu imicini də saxlayacaq. İnkişaf planından, yəqin ki, məlumatlısınız. 2012-ci ilədək klub tam infrastruktura malik olacaq. Futbol böyük idman növüdür, milyonların sevimli oyunudur. Bu sahəyə hobbi kimi yanaşmırıq. Qarşımıza ciddi məqsədlər qoymuşuq ki, hədəflərimizə çataq. Çempion olmaq bunun bir mərhələsidir. Avropa meydanlarında da Azərbaycanı tanıtmalıyıq.
0