“Olimpik”in futbolçularına 4 aydır maaş verilmir
29.05.2009 - 11:24
“Olimpik”in futbolçularına 4 aydır maaş verilmir
“Olimpik”də klubdaxili vəziyyət heç də ürəkaçan deyil. Apasport.az saytının məlumatına görə, futbolçulara yanvar ayının maaşları bu günlərdə ödənilib. Qalan 4 ayın məvacib və mükafatlarının verilmə tarixi isə bilinmir. Baş məşqçi Əsgər Abdullayev komandanı tərk etmək fikrinə düşüb. Klubun rəsmiləri onu çətinliklə də olsa, fikrindən daşındıra biliblər.

“Olimpik”in gələn mövsüm üçün büdcəsi aşağı düşüb. Maliyyə böhranının yaratdığı sıxıntılar "təyyarəçilər"in iddialarını da qeyri-müəyyən müddətə təxirə salıb. Eyni zamanda, iki futbolçu - müdafiəçi Ramin Quliyev və hücumçu Leandro Qomeş komandadan ayrılıb. Hər iki futbolçu vaxtilə Əsgər Abdullayevin rəhbərliyi altında "Bakı"da oynayıb, Azərbaycan kubokuna sahib çıxıblar.

Paytaxt təmsilçisi müqaviləsi bitən futbolçuları danışıqlara dəvət etməyə hazır olsa da, anlaşmasının müddəti bitənlər özlərinə yeni klub axtarırlar. Qapıçı Rauf Mehdiyev artıq "Olimpik"i “Simurq”a dəyişib. Onu Cahangir Həsənzadə əvəzləyəcək. Rauf Mehdiyevlə Samir Musayevin ardınca, Usim Nduka və Aqil Nəbiyev də “Olimpik”dən getməyə hazırlaşır. Tərlan Əhmədova gəlincə, kapitan hələ də tərəddüd edir.

"Bakı"lı Ramazan Abbasovu sərəncamında görmək istəyən "təyyarəçilər" Fərrux İsmayılovu bəyənməyib. Qışda Rumıniyaya gedə bilməyən hücumçu xeyli müddətdir, “Olimpik”də məşq keçsə də, ümidləri doğrultmayıb. Mövsümün ikinci dövrəsini "Turan"da keçirən Nadir Nəbiyevlə Viktor İbekoyi də növbəti çempionata "Olimpik"də başlayacaq.

Futbol+qol
0