“Azərbaycanla oyunun biletlərinin qiymətini mən endirdim”
29.05.2009 - 11:35
“Azərbaycanla oyunun biletlərinin qiymətini mən endirdim”
“İyunun 2-də keçiriləcək Türkiyə - Azərbaycan matçının biletlərinin ucuz olması üçün federasiya rəhbərliyi ilə söhbət etdim. Bu danışıqların nəticəsində qapıların arxasındakı tribunalara girişin qiyməti 2 lirəyə qədər endirildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kayseri şəhərinin bələdiyyə rəisi Mehmet Özhaşeki deyib.

Eyni zamanda “Kayserispor” klubunun fəxri prezidenti olan dövlət məmuru şəhərin “Kadir Has” stadionunda baş tutacaq yoldaşlıq görüşündə tribunaların dolmasını istəyir: “Bahalı qiymətləri minimuma endirə bildik. Belə olan halda, həmşəhərlilərimin stadionu dolduracağını gözləyirəm. Bu baş verərsə, Türkiyə Futbol Federasiyası gələcəkdə də yığmanın oyunlarını şəhərimizdə keçirmək niyyətində olar. Əks halda, tamaşaçılar tribunalara gəlib komandamızı dəstəkləməzsə bütün əməyimiz heçə enər. Belə bir stadion inşa etdirdiyimiz halda bir də Kayseriyə oyun təyin etməzlər. Ona görə bütün kayserililərdən xahiş edirəm ki, matça gəlib, dünya səviyyəli futbolçuları dəstəkləsinlər. Axı belə imkan hər gün ələ düşmür”.

Qeyd edək ki, bu il inşa olunan “Kadir Has” stadionu 32864 tamaşaçı tutur.
0