Ramal Hüseynov Ergün Pəmbəyə qarşı oynayacaq
29.05.2009 - 11:37
Ramal Hüseynov Ergün Pəmbəyə qarşı oynayacaq
Bu gün Türkiyə Superliqasında mövsümün son turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldıqları “Kocaelispor” “Hacettepe” ilə səfər oyununa çıxacaq. Görüşü ankaralı İlker Meral Coşqun idarə edəcək.

Turnir cədvəlində son iki yeri tutan “Kocaelispor”la “Hacettepe” Superliqada yerlərini qoruya bilmədikləri üçün növbəti mövsümdə birinci divizionda çıxış edəcəklər. “Kocaelispor”un baş məşqçisi Erhan Altın bugünkü oyunda bir sıra zədəli futbolçular, o cümlədən “Neftçi”nin türkiyəli sabiq yarımmüdafiəçisi Levent Kartopun xidmətindən yararlana bilməyəcək. Əvəzində Altın nəhayət ki Ramala şans verəcək. Özü də türkiyəli mütəxəssis daim ehtiyatda saxladığı Hüseynovu start heyətində meydana buraxmağı qərara alıb.

Qış fasiləsində Rəşadla birgə “Kocaelispor”a keçən Ramal bu gün Türkiyədə debüt edəcək. “Bakı”nın cari mövsümün sonuna qədər icarəyə verdiyi 25 yaşlı yarımmüdafiəçisi anlaşması bitmək üzrədir və onunla müqavilənin artırılmayacağını indidən demək olar. Deməli, Hüseynov “Kocaelispor”la yollarını ilk və son oyunla ayıracaq. Ramal “Qalatasaray”ın və Türkiyə yığmasının heyətində böyük uğurlara imza atan veteran futbolçu Ergün Pəmbənin komandasına qarşı çıxış edəcək.

Yeri gəlmişkən, 36 yaşlı mütəxəssis çalışdırdığı “Hacettepe” ilə mövsümü başa vurduqdan sonra yeni variantları, o cümlədən Azərbaycandan aldığı təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Superliqa qələbə ilə ayrılmaq istəyən “Kocaelispor”un “Hacettepe” ilə görüşdə əsas iddiası Taner Gülləri ilə bağlı olacaq. Hesabında 18 qol olan bu türkiyəli hücumçu “Qalatasaray”ın çexiyalı Milan Baroşu (20 qol) keçərək, mövsümün bombardiri olmaq iddiasındadır. Azərbaycanlı futbolçular Tanerin autsayderə daha çox qol vuraraq, Baroşu qabaqlamasında çalışacaq. Milan son turda “Əli Sami Yen”də 2-ci yerdə gedən “Sivasspor”la çətin oyun gözləyir.
0