Azərbaycan - İspaniya görüşünün hakimlər briqadası müəyyənləşdi
29.05.2009 - 12:38
Azərbaycan  - İspaniya görüşünün hakimlər briqadası müəyyənləşdi
Azərbaycan milli komandasının İspaniya ilə Bakıda keçirəcəyi yoldaşlıq görüşünü idarə edəcək ukraynalı hakimlər briqadası bəlli olub. Bu haqda apasport.az saytına məlumat verən Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin (HK) sədri Vadim Şevçenko iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunda baş hakim İqor İşenkonun köməkçilərini müəyyənləşdirdiyini bildirib: “Bunlar Oleq Muravyovla Oleq Plujnikdir. Narahat olmayın, təcrübəli, yaxşı hakimlərdir. Hər ikisi FİFA hakim-köməkçisidir. Plujnik ötən mövsüm Ukrayna kuboku uğrunda Kiyevin “Dinamo” və “Şaxtyor” klubları arasında final oyununda idarəçilik edib. İşenko köməkçilərinin hər ikisini özü seçib”.

Oleqlərin hər ikisi bu il beynəlxalq dərəcəni alsalar da, yaşlarında fərq var. Belə ki, Muravyov 1971, Plujnik isə 1973-cü il təvəllüdlüdür. Qaydaya görə, yoldaşlıq görüşünün ehtiyat hakim və hakim-inspektoru yerli ölkənin nümayəndəsi olur. Yəni Azərbaycan – İspaniya görüşündə dördüncü hakimlə referilərin işinə qiymət verən şəxs həmyerlimiz olacaq.

Şevçenko İşenkonun qarşıdakı oyuna ciddi hazırlaşdığını söyləyib: “Axı belə bir oyunu idarə etmək hər dəfə qismət olmur. İspaniya yığması son Avropa çempionudur. Hesab edirəm ki, İşenko bu oyuna ciddi yanaşaraq, tam hazır vəziyyətdə olacaq”.

HK sədri ukraynalı hakimlərin səfərlə bağlı işlərlə məşğul olduqlarını deyib: “İşenkonun briqadası Bakıya iyunun 8-də gəlməyi planlaşdırır. Təbii ki, həmin gün uçuş buna imkan verərsə. Azərbaycana birbaşa reys axtaracağıq. Bilirəm ki, Kiyev – Bakı birbaşa reysi var. Ancaq onun hər gün, məhz 8-də olduğu bilmirəm. Bununla bağlı federasiyamızda lazımı qurum məşğul olacaq. Reqlamentə görə, hakimlər oyuna bir gün qalmış gələcəklər. Həmin gün birbaşa reys olmazsa, İstanbuldan Bakıya uça bilərlər”.

AFFA ukraynalı hakimləri rəsmi dəvət etdiyi üçün bütün xərclər onun üzərinə düşür. Bura hakimlərə qonorar da daxil olsa da, Şevçenko bunun elə də önəmli olmadığını bildirib: “Yoldaşlıq görüşünü idarə etmək Ukraynaya hansısa ölkədən hakim gələndə məsuliyyəti biz daşıyırıq. Çünki onları biz rəsmən dəvət etmişik. Açığı, Azərbaycan tərəfinə rəsmi məktubumuzda xərclərlə bağlı detalları yazmamışam. Hesab edirəm ki, bu, əsas deyil. Əsas məsələ odur ki, belə bir oyunu idarə etmək hakimlərimizə etibar olub. Bizimkilərin də ümidləri doğruldacağına inanıram”.
0