Azərbaycan Premyer Liqasının 5 ən yaxşı lətifəsi
29.05.2009 - 14:20
Azərbaycan Premyer Liqasının 5 ən yaxşı lətifəsi
Mahmud Qurbanov arzusuna çatmadı

Çempion olduqdan sonra “Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov dilxor nəzərə çarpır. Ölkə çempionatında 10 dəfə qızıl, 1 dəfə gümüş, 2 dəfə isə bürünc medal qazanmış 36 yaşlı futbolçu bir küncə çəkilir, qəmli-qəmli fikirlərə dalır. Mahmudun qələbəyə görə kövrəldiyini düşünən komanda yoldaşları ona yaxınlaşaraq, soruşurlar:

- Mahmud, yəqin ki, çempion olduğumuza hələ də inana bilmirsən, hə?
- Eh, siz kefdən danışırsınız. Görmürsünüz, qanım qaradır.

- Qanın qaradır? Nə olub ki?
- Bu il mənim arzum həyata keçmədi, ona görə də dilxoram.

- Məgər qızıl medal sənə azlıq edir?
- Axı, mən nəhayət, ilk dəfə olaraq, mükafatçılar sırasına düşməməyi arzulayırdım. Bunun ləzzətini bilmək istəyirəm...


Qəhrəman Əliyevdən şok istefa

MOİK-i sözün əsl mənasında, “böyrüüstə” qoyan baş məşqçi Qəhrəman Əliyev “şok” qərar qəbul edir. O, 14 komanda arasında 14-cü yeri tutduqlarına tam arxayın olduqdan sonra istefa verir. Yaxınlarına, tanışlarına isə bunun səbəbini belə izah edir:
- Camaatın zəhlə-zibarın tökdüyüm, bəsdir. Masallıya 5 aylıq putyovka almışam. Gedirəm çempionatda aşağıdan yuxarı birinci yeri tutmağımızı qeyd eləməyə!


Yeni qulaqcıqlar

PFL prezidenti Ramin Musayev hakimlər üçün gətirilən qulaqcıqları AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova təqdim edir:
- Xaqani, bu qulaqcıqları götür. Beş dəstdir, ver hakimlərə. Hakimlərin səviyyəsini qaldırmaq üçün gələcəkdə yenə qulaqcıqlar alacağıq.
- Ramin müəllim, olar hakimlərimiz oyunun fasiləsində qulaqcıqlarla “Burc FM”ə qulaq assınlar?


“Lənkəranda uduzmaq olar”

“Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov çempionatın axırında səhvini başa düşüb. Dövrələrarası fasilədə “Çempionlar Liqasında iştirak haqda düşünürük. Bundan sonra Lənkəranda uduzmaq olmaz!” - deyə iddialı açıqlamalar verən Mənsimov təcili iclas çağırıb. O, Lənkəranda Premyer Liqa çərçivəsində “Qəbələ”yə (1:2), eləcə də ölkə kubokunun 1/4 finalında “Bakı”ya (0:1) məğlubiyyətləri xatırladaraq, deyib:
- Uşaqlar, görürəm ki, mənim sözlərimə fikir verən yoxdur. Bundan sonra Lənkəranda nə qədər istəyirsiniz, uduzun. Onsuz da Çempionlar Liqası bizlik deyil.


“Simurq” AFFA-ya şikayət etdi

Bürünc medalçı “Simurq” AFFA-ya şikayət məktubu ünvanlayıb. Məktubda bildirilir: “AFFA-nın hörmətli əməkdaşları, bizi niyə belə işə saldınız? Nəyə görə çempionat üçün belə reqlament tərtib etmisiniz? Axı, bizim əsas məqsədimiz böyük qardaşımıza kömək etmək idi. Bir də ayılıb gördük ki, bürünc medal qazanıb, Avroliqaya vəsiqə əldə etmişik. Tələb edirik ki, Avroliqaya vəsiqəni bizdən alıb, ehtiyacı ola komandaya verəsiniz, üstəlik çempionatın reqlamentini dərhal dəyişəsiniz! Əks təqdirdə, gələn mövsüm qardaşımıza daha çox kömək edəcəyik”.


Əsgər Abdullayevin özünəməxsus müsahibəsi

“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev Azərbaycan çempionatı başa çatdıqdan sonra müsahibə verir.
- Əsgər müəllim, Premyer Liqanın nəticələrini necə dəyərləndirirsiniz?
- “General olmaq istəməyən əsgər yoxdur”. Fikrimcə, bu dəfə də “Mançester Yunayted”in çempion olması qanunauyğun idi. Çünki “Liverpul” və “Çelsi”...

- Əsgər müəllim, sizə Premyer Liqanın nəticələri barədə sual verdik.
- Mənə elə gəlir ki, cari mövsümdə “Zenit” və “Rubin”in şansları yüksəkdir. Bəlkə “Spartak” da mükafatçılar sırasına düşə bildi.

- İngiltərə, Rusiya nəyimizə gərəkdir. Bizə Azərbaycan Premyer Liqası ilə bağlı fikirləriniz lazımdır.
- Hər halda, həyat davam edir.
0