“Azərbaycanda legioner limitinin olmaması, futbolun inkişafına təkan verir” - MÜSAHİBƏ
29.05.2009 - 16:57
“Azərbaycanda legioner limitinin olmaması, futbolun inkişafına təkan verir” - MÜSAHİBƏ
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 61 yaşlı ukraynalı mütəxəssis arxada qalan və qarşıdakı mövsümlə bağlı fikirlərini açıqlayıb.

- Bürünc medal qazandığınız son mövsümü necə dəyərləndirirsiniz?
- Bir il əvvəl yalnız yeddinci yeri tutmağımıza baxmayaraq, klub rəhbərliyi bu il üçüncü pilləni tutmaq tapşırığı qoymuşdu. Sevindirici haldır ki, çempionatın bitməyinə iki tur qalmış bu zirvəni fəth edə bildik. Komandamızın əsas üstünlüyü oyunçularımızın bir-birinə uyğunlaşmağıdır. Axı biz artıq ikinci mövsümdür ki, demək olar eyni heyətlə mübarizə aparırıq. Üstəlik, hazırlıq dövrünü məhsuldar keçirməyə nail olmuşduq. Ən nəhayət, kiçik büdcəmizin olmasına baxmayaraq transfer bazarından maksimum yararlana bildik.

- Bəzən “Simurq”u Azərbaycanın ən ukraynalılaşmış komandası adlandırırlar...
- Əminəm ki, bizim uğurlu çıxışımız Ukraynanın Azərbaycandakı imicinə də müsbət təsir edir. Axı ukraynalı qapıçılarımız Taras Çopik və Andrey Nikitin, müdafiəçilər Aleksandr Malığın və Mixaylo Starostyak, yarımmüdafiəçi Sergey Artyux və hücumçu Vladimir Mazyar özünü yaxşı tərəfdən göstərir. Yeri gəlmişkən, azərbaycanlı jurnalistlərin fikrincə, Mixaylo və Sergey öz amplualarında ən yaxşılardan biri olublar. Elə köməkçilərim arasında da ukraynalı mütəxəssis – Vladimir Figel var.

- Artıq üç ildir Azərbaycanda çalışırsınız. Burada futbolun inkişafı hiss olunur?
- Buna müsbət cavab verərdim. Fikrimcə, bu inkişafa legioner limitinin olmamağı təkan verir. Güclü rəqabət olduğundan yalnız ən istedadlı yerli futbolçular əsas heyətə düşə bilir. Belə olan halda, heç bir ayrı-seçkilik də olmur. Məsələn, biz ötən il gənc Tural Cəlilovu heyətimizə qatmışdıq. Onu bədən tərbiyəsi komandasından götürmüşdük. İndi isə artıq milli komandanın baş məşqçisi Berti Foqts tərəfindən yığmaya cəlb olunur.

- Digər ukraynalı mütəxəssis Valentin Xodukinin başçılıq etdiyi “İnter”in çıxışını necə dəyərləndirirsiniz?
- “İnter” futbolçuları ardıcıl ikinci dəfə ölkə çempionu olmağa yaxın idilər. Lakin finişə az qalmış öz meydanlarında “Xəzər-Lənkəran”ı məğlub edə bilmədilər. Hesabda 2:0 öndə olsalar da, üstünlüyü əldən verdilər. Bu da “Bakı”nın onları qabaqlamağına səbəb oldu. Yeri gəlmişkən, “Bakı”nın heyətində Kiyev “Dinamo”sunun sabiq oyunçusu Georgi Demetradze və “Karpatı”ya məxsus Uilyam Batista çıxış edirdilər. Düzdür, Xodukinin yetirmələri çempionatdakı uğursuzluğu kuboku qazanmaqla unutdura bilərdi. Lakin itirilən çempionluğun üzüntüsü onlara “Qarabağ”ı məğlub etməsinə imkan vermədi – 0:1. “İnter” rəhbərliyi Xodukinin əməyini yüksək qiymətləndirir və inanır ki, gələn mövsüm komanda yenidən birinci olacaq.

- Amma sizin Avropa Liqasına qazandığınız vəsiqə məzuniyyətinizin vaxtını qısaldacaq...
- Bunlar xoş olan qayğılardır. Biz avrokuboklar ərəfəsində heyəti gücləndirmək niyyətindəyik. Və mütləq yeni oyunçularımızın arasında Ukraynadan dəvət edəcəklərimiz olacaq.
0