Yunis Hüseynov təyyarədən qorxur – MÜSAHİBƏ
29.05.2009 - 23:26
Yunis Hüseynov təyyarədən qorxur – MÜSAHİBƏ
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- “Karvan”ın baş məşqçi postunda qalacaqsınız?
- Bilmirəm. Hələlik istirahət edirəm.

- Klub rəhbərliyi ilə yeni müqavilə məsələsini müzakirə etmisinizmi?
- Yox. Müqaviləm mövsümün sonunda bitib. Ancaq “Karvan”ı daha çalışdırmayacağımı hələ deyə bilmərəm.

- Başqa təkliflər almısınız?
- Yox.

- Hazırda “Karvan”dan neçə futbolçu qalıb?
- Demək olar bir. Bu da gürcü müdafiəçi Aleksandr İntskirvelidir. Qalanlarının müqaviləsinin müddəti bitib. İntskirveli isə ona görə komandanın üzvü olaraq qalır ki, onun müqaviləsi var. Qış fasiləsində “Karvan”a qayıdan Saşa ilə il yarımlıq anlaşma imzalamışdıq.

- Ukraynada “Pro” kateqoriyası ilə bağlı məşqçilik kursuna qatılmaq üçün nə vaxt səfərə çıxacaqsınız?
- İyunun 4-də.

- Kurslar iyunun 8-də başlayacaq. Belə tez getməyinizə səbəb nədir?
- Məsələ ondadır ki, Kiyevə təyyarə ilə yox, qatarla gedəcəyəm. Əslində, birbaşa Ukrayna paytaxtına yox, Xarkov şəhərinə yollanacağam. Ordan Kiyevə yaxın olduğu üçün tez çatacağam. Qatarla haradasa iki saatlıq yoldur. Kurslar 8-də başlayır. İnşallah, 7-də Kiyevdə olacağam.

- Təyyarə ilə daha tez çata bilərsiniz. Üstəlik, Bakıdan Kiyevə birbaşa hava reysi var. Belə olan halda, niyə qatarla getmirsiniz?
- Təyyarədə özümü yaxşı hiss etmirəm. Buna görə də təyyarəyə minmirəm.

- Futbolçu, məşqçi, idmançı həyatında xaricə səfərlər çox olduğundan təyyarədən istifadə etmək lazım gəlir. Qatarla hər yerə getmək olmur, problem yaranır, vaxt çox gedir, yorğun olursan...
- Mən o qədər ölkələrə təyyarə ilə getmişəm ki... Sadəcə, indi minmirəm. Mümkün olan yerlərə qatar, avtobus, yaxud avtomobillə gedirəm.

- Necə ki qış fasiləsində Türkiyəyə komandanızın kapitanı Kamal Quliyevlə birgə maşınla getmişdiniz...
- Elədir. Görəndə ki, müəyyən bir yerə təyyarədən getməyə başqa vasitə yoxdur, ondan istifadə edəcəyəm.

- Niyə təyyarədən qorxursunuz?
- Sadəcə, təyyarə ilə uçarkən özümü pis hiss edirəm.

- Yəqin ki, başınıza bir hadisə gəlib və buna görə də daha təyyarəyə minmirsiniz?
- Elə bir şey yoxdur. Sadəcə, son iki ildə təyyarəyə minmirəm.

- Bakıdan Kiyevə birbaşa qatar da var. Niyə Xarkova gedib, əlavə əzab-əziyyətə düşünürsünüz?
- Kiyevə qatar iyunun 2-də idi. Bu da çox tez idi. İki-üç gün əvvəldən orda olmağın mənası yox idi. Kiyevə tez gedib, nə edəcəkdim ki?

- Məşqçilik kursu ilə bağlı Ukraynadan faks almalı idiniz?
- Elə bu gün aldım. Gedib AFFA-dan faksı götürdüm.

- Orada nə göstərilmişdi? İştirakçılar, kursu keçən mütəxəssislərlə bağlı məlumat yazılmışdı?
- Yox. Bu haqda orada məlumat alacağam. Faksda kursların keçiriləcəyi yer, saatla bağlı informasiya yazılmışdı. Nəzəri, praktiki məşğələlər olacaq. Bir həftə kursda iştirak etdikdən sonra Bakıya qayıdacağam. Bundan sonra ilin sonuna kimi 5-6 dəfə Ukrayna paytaxtına gedəcəyəm.
0