“Bakı” klubunun maraqlandığı futbolçular...
30.05.2009 - 00:23
“Bakı” klubunun maraqlandığı futbolçular...
"Vətənimdə boş oturmamışam. Hər gün müxtəlif adamlarla əlaqə saxlayıram. Menecerlər burda da məndən əl çəkmir". Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Komandasını gücləndirmək üçün axtarışda olan makedoniyalı çalışdırıcı əsasən, Balkan ölkələrindən olan futbolçularla maraqlanır. Serbiya, Xorvatiya, Bosniya, Bolqarıstan və Çernoqoriyadan ona 20-yə yaxın oyunçu təklif olunub. Hacıyevski öz həmyerlilərini kluba dəvət etməyə tərəddüd edir. Çünki Svetan Çurlinov və Georgi Xristov kimi həmvətənləri onun gümanlarını doğrultmayıb və "Bakı"nı çətin vəziyyətdə qoyublar. Stanislav Baçev və Deyan Brankoviçlə yollarını ayırdıqlarını deyən Hacıyevski buna təəssüflənmir: "Oynamayan, komandaya köməyi dəyməyən futbolçu mənə lazım deyil. Rəhbərlik mənə deyib ki, Çempionlar Liqasında mərhələ keç. Buna uyğun seleksiya işi aparmalıyam".

İyunun 9-da Bakıya dönəcək Hacıyevski 4 yerli futbolçu ilə maraqlandıqlarını da vurğulayıb: "Onların adını rəhbərliyə demişəm. Gənc və istedadlı uşaqlardır. Adlarını desəm, qiymətləri qalxacaq. Bəzisinin ilkin razılıqları alınıb. Bakıya qayıdanadək bilinəcək. Gündə 10-15 futbolçunun diskinə baxıram”.
0