Hacıyevski Çempionlar Liqasında hansı komandalarla oynamaq istəmir?
30.05.2009 - 00:32
Hacıyevski Çempionlar Liqasında hansı komandalarla oynamaq istəmir?
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski Çempionlar Liqasında arzuolunmaz ölkələrin adlarını söyləyib. O, apasport.az saytına bildirib ki, Danimarka, Polşa, Slovakiya və Serbiya çempionları ilə qarşılaşmaq istəmir.

"Birinci mərhələdə yalnız reytinq xalı az olan "cırtdan" ölkələrin təmsilçiləri yarışacaq. Son Makedoniya çempionu "Makedoniya" oldu. Onları Antalyada udmuşduq. Reqlament imkan versəydi, həmyerlilərimlə oynayardım. Onlar bizimlə bir qrupdadır. Çempionlar Liqasının yeni formatı məni razı salır. Üçüncü mərhələyə çıxsaq, hər şey yenə öz əlimizdə olacaq. Uduzsaq belə, Avro Liqaya düşəcəyik. Çempionlar Liqasında yalnız çempionlar oynamalıdır. Güclü rəqiblər onsuz da qarşımıza çıxacaq. Onlardan çəkinməməliyik. Komandamın güclü və zəif tərəflərini bilmək istəyirəmsə, belə oyunlarda iştirak mütləqdir” – deyə Hacıyevski bildirib.

Hacıyevski vurğulayıb ki, yarış öncəsi təlim-məşq toplanışı keçmək üçün Sloveniyanı əbəs yerə seçməyiblər: "Ötən yayı da orda keçirmişdik. Bizə düşərli oldu. Sloveniyada yaradılan şərait əladır. Güclü rəqiblərlə qarşılaşacağıq. Avropanın ən səviyyəli komandaları bura gəlir. Almaniya, Hollandiya, Belçika, Avstriya, Rumıniya, Serbiya və Bolqarıstan klubları rəqiblərimiz olmalıdır. Bilmək olmaz, bəlkə Çempionlar Liqasında Sloveniya təmsilçisi ilə düşdük. Elə isə uzun yol ölçüb, ikinci dəfə bura gəlməyəcəyik. Balkan ölkələrinin klubları mənə yaxşı tanışdır".
0