Suat Usta: Ləvənginin adını eşidəndə barmaqlarımı yalayıram - MÜSAHİBƏ
30.05.2009 - 01:12
Suat Usta: Ləvənginin adını eşidəndə barmaqlarımı yalayıram - MÜSAHİBƏ
“Neftçi” klubunun türkiyəli futbolçusu Suat Ustanın apasport.az saytına müsahibəsi

- Başa çatan mövsüm haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Birinci dövrədə yaxşı oynadığımızı heç kim söyləyə bilməz. Turnir cədvəlində tutduğumuz yer "Neftçi"nin adına layiq deyil. Futbolda uğursuzluq deyilən bir şey yoxdur. Uğursuzluq bir və ya iki oyun olur. Ya da bəxtin gətirməz. Komanda ola bilməməyimizin bir neçə səbəbi vardı. Bu, bizim bir ailəmizdir. Ailədə problem olsa da, bunu içəridə saxlamaq lazımdır.

- Dövrənin gedişində əsas heyətdən uzaqlaşdırılan futbolçular komandaya problem yaradırdı?
- Vallah, onu bilmirəm. Həmin vaxt Azərbaycana yeni gəlmişdik, heç nədən xəbərimiz yox idi. Uzun müddət bir yerdə oynamadıq ki, bilim, işlər nə yerdədir. "Neftçi"də könlüm rahatdır. Gəldiyim komanda mənim üçün çox önəmlidir. Antalyada olanda tanıdığım bir çox türkiyəli məşqçi mənimlə görüşdü, "nə işin var Azərbaycanda, qayıt gəl" söylədilər. Çox təkid elədilər. Yaxşı təkliflər oldu. Ancaq "Neftçi"ni tərk etmək fikrim olsaydı, həmin təkliflərin birini dəyərləndirərdim. Azərbaycana bir hədəf üçün gəlmişəm. "Neftçi"ni daim yüksəkdə görmək üçün burdayam. Bir-iki matçda oynamadım, başqa nəsə oldu deyə, klubdan ayrılmağımız düzgün olmaz. Burada dünyanın çox yerindən - Rumıniyadan, Bolqarıstandan, Afrikadan, başqa ölkələrdən çoxlu oyunçu var. Ayrı-seçkilik olsa, komandada heç kim qalmaz. Azərbaycan həm mədəniyyəti, həm adət-ənənələri, həm də dili baxımından bizə çox yaxındır. Ürəyimizdə nə varsa, dilimizdə də odur. Onu sevsək də, sevməsək də heç nə dəyişmir.

- Anar Nəzirovla aranızda olan söhbət mətbuatda çox qabardıldı. Nə baş vermişdi?
- Anar çox sevdiyim bir uşaqdır. Həmişə yaxşı münasibətlərimiz olub. Komandada olanda tez-tez otağıma gəlib, söhbətləşərdik. Ona ərkim çatır. "Qarabağ"la matçdan sonra paltardəyişmə otağında olan söhbət indi də xatirimdədir. Kiməsə bir söz dedim, Anar özünə götürdü. Yerindən qalxıb dedi ki, "sən niyə belə edirsən?" Əlimlə işarə elədim ki, otur yerində. Bunu çox qabartdılar. Sonra Anar mənə zəng elədi, üzrxahlığını bildirdi. Aramızda başqa söhbət olmayıb. Mən ümumiyyətlə, heç kimi təhqir etmərəm. Xarakterimdə belə şeylər yoxdur.

- Azərbaycanda hər şey ürəyinizcədir?
- Mən başqa ölkəyə getməmişəm ki, öz vətənimdəyəm. Buranın Türkiyə ilə heç bir fərqini görmürəm. Niderlandda anadan olduğum üçün Avropaya yaxşı bələdəm. Azərbaycanda çox sərbəstəm, qətiyyən sıxılmıram.

- Ancaq bizim futbol Türkiyə ilə bir səviyyəyə qoyula bilməz...
- İndi belədir. Aradakı məsafəni qapatmaq üçün burada çox böyük işlər görülür. Klubun bazası qurulur, maddi sarıdan heç bir sıxıntı yaşamırıq. Belə davam eləsə, Azərbaycan futbolu da bir neçə ilə Türkiyə səviyyəsinə çatacaq. "Qaziantepspor"da gördüyüm münasibətə çox üzüldüm. Məni komandadan çıxarandan sonra hamıdan incimişdim. Geriyə dönüb baxanda, Azərbaycana gəlməyimin düzgün addım olmasına əmin oluram.

- Nə idi problem?
- Çox komandada oynamışam, hamısıyla da yollarımı rahat şəkildə ayırmışam. Transfer vaxtı bitən gün "Qaziantepspor" məni heyətindən çıxardı. 27 yaşlı futbolçu üçün bunun nə demək olduğunu bilirsiz. Səhvlərimi bir-bir təhlil edirəm, gərəkli dərsləri çıxarıram. O dönəmdə istədiyim səviyyəyə gələ bilmədiyim üçün həm özümü qınayıram, həm də itirilən illərə üzülürəm. Çünki daha istəkli olub, oynadığım klublarda qalsaydım, futbol bəxtim mənə daha gözəl libas tikərdi. Bütün mövsümü oyna, sonra da prezidentin yanına get dilən ki, pulunu versin. "Neftçi"yə transfer olunmasaydım, istəməyə-istəməyə Niderlanda dönəcəkdim. Amma Allah dualarımı qəbul etdi.

- "Qalatasaray"ı izləyirsiniz?
- Bütün türk klublarının çıxışını izləyirəm. "Qalatasaray" mənim üçün özəl bir yerdir. Azərbaycanda da məni "Qalatasaray"lı Suat Usta olaraq tanıyırlar. "Sakaryaspor"un düşdüyü vəziyyət məni çox üzür.

- Fatih Terimlə münasibətləriniz necədir?
- Terim elə bir məşqçidir ki, biz onu müzakirə edə bilmərik. Məni həmişə çox istəyirdi. "Qalatasaray"a Fatih hocanın dəvətiylə gəlmişdim. Zədəyə görə problemlər yaşasam da, "İmperator"la münasibətlərim həmişə yaxşı olub.

- Əyalətdə oynamaq arzusu tək-tük futbolçulardadır. Çoxları buna görə Azərbaycana ayaq basmır.
- Lənkərana vurulmuşam. Özüm Qaradəniz bölgəsindənəm. Yerli azarkeşlərin "Xəzər-Lənkəran"ı necə dəstəkləməsini görəndə təəccübləndim. Avropada böyüsəm də, nəslimiz Trabzondandır. Trabzonda fanatlar çox çılğındır. Lənkəranda eyni ab-havanı görəndə gözlərimə inanmadım. 90 dəqiqə susmurlar. Bakıdakı matçlarımızda az azarkeş gəldiyi halda, Lənkəranda stadion dolub-daşırdı. Uğurun yarısı fanatlardan asılıdır. Biz zatən onlar üçün oynayırıq. "Xəzər"lə matçdan bir neçə saat əvvəl oteldəydik, uğultunu eşidəndə elə bildim ki, nəsə hadisə baş verib. Sonra öyrəndim ki, bu səs stadiondan gəldi. Bir anlıq özümü Avropada hiss etdim. Çaşıb qalmışdım. Bu, əsl futbol atmosferi idi.

- Lənkəranda ləvəngi yediniz?
- Ləvənginin dadı hələ də damağımdan getməyib. Adı gələndə barmaqlarımı yalayıram (gülür). Toyuğun içinə bir şeylər doldurmuşdular ki... İlk dəfə idi belə yemək görürdüm. Əlimi toyuğa uzatdım, ağır idi. Fikirləşdim ki, mən bunu necə yeyəcəm? Beş-altı dəqiqədən sonra özüm-özümə gülürdüm. Toyuq artıq yox idi. O qədər ləzzətli idi ki, olsaydı, yenə yeyərdim. Bakıda çox axtardım, amma həmin ləvəngidən tapmadım.

- Ev almaq fikriniz yoxdur?
- Elə bil ürəyimi oxudunuz. Hərdən Bakını gəzməyə çıxıram ki, gözümə xoş gələn yerdə ev tapım. Qiyməti önəmli deyil. Şəhəriniz çox gözəldir.

- Evlənməmisiniz ki?
- Hələ yox.

- Vaxtınızı neçə keçirirsiniz?
- Kitab oxuyuram, musiqiyə qulaq asıram, bir də, yatıram. Vaxtımı boş yerə xərcləmirəm.

- Meydanda çox vaxt əsəbi görünürsünüz, adi həyatda da beləsiniz?
- Əsəbi olmağım uduzmamaq istəyimdən irəli gəlir. Adi həyata gələndə isə sakitəm. Məni özündən çıxaran olmasın, dinib-danışan deyiləm. Başqalarının işinə qarışmaq xarakterimə yaddır.
0