Türkiyə Azərbaycana qarşı zəif, Ermənistana qarşı isə güclü heyətlə
31.05.2009 - 09:17
Türkiyə Azərbaycana qarşı zəif, Ermənistana qarşı isə güclü heyətlə
İyunun 3-də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını qəbul edəcək Türkiyə yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin komandası bizə qarşı zəif heyətlə mübarizə aparacaq. Çünki Türkiyənin əsas U-21 yığması Ermənistanla matçda qüvvəsini sınayacaq.

Bernard Lippertin yetirmələri ilə oyuna 1989-cu il təvəllüdlü türklər dəvət olunublar. Bu futbolçular ya yığmaya ilk dəfə çağırılırlar, ya da uzun müddət komandadan kənarda qalıblar. Bizimlə görüşə ümumilikdə, 18 oyunçu hazırlaşacaq. Fərqlənən futbolçular gələn ay İtaliyanın Peskara şəhərində keçiriləcək Akdeniz Oyunlarına aparılacaq heyətə namizəd olacaqlar.

Türkiyənin əsas U-21 komandası isə bütün diqqəti Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 9-da səfərdə Ermənistana qarşı baş tutacaq oyuna yönəldib. Bu səbəbdən “ay-ulduzlar”ın ən güclü gənc futbolçuları düşmənlərimizlə matçda forma geyinəcəklər.

Onu da bildirək ki, Türkiyə və Azərbaycan arasında yoldaşlıq görüşü İstanbulun Rəcəb Tayyib Ərdoğan adına stadionunda (başqa adı “Kasımpaşa”) keçiriləcək.
0