Hacıyev ölkə futbolunu bataqlığa bənzətdi
31.05.2009 - 13:00
Hacıyev ölkə futbolunu bataqlığa bənzətdi
Bakının “Neftçi” klubunun prezidenti Əkbər Hacıyevin apasport.az saytına müsahibəsi

- Yeni mövsümün hazırlıqları ilə bağlı işlər nə yerdədir?
- Hazırlıq hələ başlamayıb. Komanda üzvləri istirahətdədir. İstirahət başa çatandan sonra hazırlığa start veriləcək. Amma planlar müəyyənləşib, Türkiyədə təlim-məşq toplanışı olacaq. Sadəcə, indi bu barədə ətraflı açıqlama verməyi məqsədəuyğun saymıram.

- Növbəti mövsümdə hədəfiniz nə olacaq?
- Komandamızın hədəfi bir dənədir – çempion olmaq.

- Buna nail olmaq üçün əcnəbi mütəxəssis dəvət edəcəksiniz?
- Xeyr, yeni baş məşqçi olmayacaq, yeni futbolçular dəvət ediləcək.

- Dünyadakı maliyyə böhranı komandanın planlarına təsir edirmi?
- Hansısa formada edir, müəyyən xərclərimizi azaldırıq. Ancaq o qədər də böyük təsir etmir.

- Böhranla əlaqədar dünyanın, əsasən də Avropanın bir çox ölkələrində futbolçuların qiymətlərində eniş yaranıb...
- Yox, bizdə elə şey yoxdur. Narahat olmayın. Yəqin ki, böhran əcnəbi futbolçuların qiymətinə təsir göstərəcək. Avropadakı başqa klublara keçidi alınmayan, əvvəllər gəlməyən futbolçular artıq bizə rahat gələrlər.

- Hansı transfer bazarına üstünlük verəcəksiniz? Azərbaycan, yoxsa?
- Əsasən Avropaya, Baltikyanı ölkələrə.

- Yerli futbolçuların transferi nəzərdə tutulub?
- Bəli. Mütləq yerli futbolçu da alacağıq. Üç-dörd belə futbolçu olacaq.

- “Azercell” və AFFA-nın birgə keçirdiyi tədbirdə milli komandamızın baş məşqçisi sizə yaxınlaşıb, söhbət etdi. Bunun nədən ibarət olduğunu bilmək olar?
- Foqtsun mənə yaxınlaşmasını onun “Neftçi”yə gəlməsi ilə əlaqələndirdilər. Əslində, belə bir şey yoxdur. Bununla yox, sabiq baş məşqçimiz Hans-Yurgen Gede ilə bağlı söhbət olmuşdu. Foqts bununla əlaqədar mənə yaxınlaşdı.

- Foqts Gede ilə vidalaşdığınız üçün sizə təşəkkür etdimi?
- Yox, sadəcə dedi ki, Gede Avropada sizə qarşı çıxış etsə, lazım olsa hər bir kömək etməyə hazırdır.

- Yəni, məhkəməyə versə?
- Məhkəməyə versə, harasa şikayət etsə, Foqts bu işdə bizə dəstək bildirdi.

- Ehtiyatlanırsınız ki, Gede sizi məhkəməyə verə bilər?
- Verə bilər.

- Yəni təzminat məsələsinə görə?
- Müqaviləsi yarımçıq dayandırıldığı üçün təzminat istəyə bilər.

- Siz bunun hüquqi tərəflərini həll etməmisiniz?
- Məhkəməyə vermək, şikayət etmək onun hüququdur. Bizim də hüququmuz müdafiə olunmaqdır.

- Legioner limitinin yenidən bərpa olunmaq söhbəti var. “Neftçi”nin prezidenti bu haqda nə fikirləşir? Legionerlərlə uzun müddətli müqavilə bağlandığı halda, yenidən legioner limitini tətbiq etməyə dəyərmi?
- Baxır legioner limiti hansı formada olmalıdır. Məncə, birdən-birə legioner limitini tətbiq etmək olmaz. Limit götürülübsə, onun qadağan formasını dərhal həyata keçirmək düzgün deyil. Mən elə bilirəm ki, hansısa bir limitdən yuxarı ödəniləcək rüsumların məbləği böyük, hansısa limitə kimi aşağı məbləğ olacaq. Artıq bu forma olanda vəziyyət normal olacaq. Təbii ki, bu proses öz-özünə getməlidir.

- Klubların legionerlərlə uzun müddətli müqavilə bağladığını nəzərə alsaq, hesab etmirsiniz ki, onlara 2-3 il möhlət verilməlidir? Çünki sabah limit bərpa olunsa, bunun ziyanı klublara dəyəcək, üç-dörd qat artıq xərcə düşəcəklər...
- Yəqin ki, limitin tətbiq olunması ilə AFFA tərəfdən klublara bir-iki il əvvəl xəbərdarlıq olunacaq. AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də dedi ki, bu il klublar üçün legioner limiti tətbiq olunmayacaq.

- Komandanın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna köçməsinə münasibət bildirərdiniz...
- Buna normal baxıram. Özüm bunu istəmişəm. Yüz faiz gələn mövsüm ev oyunlarımızı bu stadionda keçirəcəyik.

- Həmin stadionun şəhərdən kənarda olduğunu nəzərə alsaq, gözdən-könüldən uzaq olmayacaqsınız ki?
- Yox. Əksinə, hər şey yaxşı olacaq. Həmin stadionun Bakıxanov qəsəbəsində yaşayanlara yaxın olduğuna görə oranın adamları ev oyunlarımıza çox gələcəklər. Hələ onu sizə deyim ki, həmin arenada oyunlarımıza girişi pulsuz edəcəyik. Qoy həmin qəsəbənin sakinləri hamısı gəlsin oyunumuza.

- Artıq bir ildir futboldasınız, “Neftçi”yə rəhbərlik edirsiniz. Bu bir ildə futboldan necə deyərlər, iyrəndiniz, yoxsa daha çox bağlandınız?
- Yox, hələ bir az da bataqlıq kimi içəri çəkir (gülür). O mənada bataqlıq kimi yox. Sadəcə, bataqlıq kimi sorub buraxmaq istəmir. Bir də ki niyə Azərbaycan futbolundan iyrənməliyəm ki? Başqa dövlətin futboluna rəhbərlik etmirəm ki? Öz futbolumuzdur da. “Neftçi” kimi klubun prezidentiyəm.

- “Neftçi”nin prezidenti kimi özünüzü necə hiss edirsiniz? Hər halda, bu vəzifə əlavə məsuliyyət deməkdir...
- Əlbəttə ki, bu, belədir. Komandanın böyük adı var.

- Başqa bir yerə gedəndə sizi “Neftçi”nin prezidenti kimi tanıyırlar, yoxsa zavod direktoru kimi?
- Siz deyim ki, başqa xarici dövlətlərə gedəndə məni “Neftçi”nin prezidenti kimi tez tanıyırlar, nəinki zavodun direktoru kimi.

- Sizcə, hansı daha yaxşıdır?
- Əlbəttə ki, “Neftçi”nin prezidenti kimi məni tanıyanda.

- Baş məşqçi postunu Gedeyə tapşırdığına görə peşmançılıq yoxdur ki? Ona böyük dəstək verdiniz...
- Yox. Bilirsiniz, məsələ ondadır ki, insanı tez tanımaq olmur. Müəyyən müddət keçəndən sonra yavaş-yavaş insanı tanıyırsan. Bəlkə bizim bu dərsimiz başqa klublara təsir olar ki, hər gələni dərhal dəvət etmək olmaz. Nəyə görə bu il başqa ölkənin məşqçinə üz tutmadıq? Böyükağa Ağayev öz məşqçimizdir. “Neftçi” də həmişə yerli məşqçiləri ilə hansısa bir uğur qazanıb.

- Ancaq son mövsümlərdə “Neftçi”nin baş məşqçiləri əcnəbi olub?
- Deməli, xarici məşqçilər “Neftçi”yə xeyir vermədi, ona düşərli olmadı.

- Bəlkə bu, yaxşı məşqçi seçməməyinizlə əlaqəlidir?
- Yox. Baxır düşməyinə. Bəlkə də düz seçməmişik.

- Böyükağa Ağayevin “Neftçi”nin baş məşqçisi olması birmənalı qarşılanmır. Yunis Hüseynov, Ağasəlim Mircavadovun adı hallanır...
- Mən başa düşürəm. Hər bir insana şans vermək lazımdır. Bu adam doğrudan da neçə illərdir futbolumuzda çalışır. Gəlin, onun karyerasına baxın ki, görün, nələr edib. Onu oxumurlar, bəzən yaşından böyük adamlara elə insafsız sözlər deyirlər, elə damğalar vururlar ki... Gəlin Ağayevin işinə diqqət yetirək. O, mövsümün ortasında “Neftçi”ni götürəndən sonra komanda cəmi bir dəfə uduzdu. Bizim təriflədiyimiz o biri məşqçilər neçə dəfə uduzmuşdular? Hər dəfə uduzanda deyirdilər ki, komandanı yeni götürmüşəm.

- Deyilənlərə görə, Əkbər Hacıyev “Neftçi”dən uzaqlaşdırılanların geri qayıtmasını istəmir...
- Belə bir şey yoxdur. Əgər onların komandada yeri görünsə, baş məşqçi alınmasını istəsə, biz bunu reallaşdıracağıq.

- Konkret hansı futbolçulara vidalaşasaqsınız?
- Əsasən legionerlər gedəcək. Çempion olan əvəzedici komandamızdan da futbolçular götürüləcək.
0