“İmperator” Kayseridə jurnalistlərə qadağa qoydu
31.05.2009 - 12:17
“İmperator” Kayseridə jurnalistlərə qadağa qoydu
Azərbaycan futbol yığmasının növbəti rəqibi Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Kayseri şəhərinə gəlib. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu gün səhər saatlarında şəhərə təşrif buyuran “İmperator” ləqəbli çalışdırıcı “Hilton” otelində məskunlaşıb. Yığmamızın üzvləri də, həmçinin burada qalırlar.

Kayserinin ən yaxşı otelində lüks otaqlardan birində məskunlaşan Terim qarşıdakı yoldaşlıq görüşü ərəfəsində istirahət edir. Buna görə də 56 yaşlı məşqçi heç kimin zənglərinə cavab vermir. Hətta bu gün Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək Türkiyə yığmasının toplantısı zamanı da media nümayəndələrinə ciddi nəzarət olacaq. İclas vaxtı jurnalistlərin otelə belə, girişinə qadağa qoyulacaq.

Terimin ardınca, milli komandaya dəvət alan 25 futbolçunun yaxın 4-5 saat ərzində “Hilton”da olacaqları gözlənilir.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı iyunun 2-də Kayserinin “Kadir Has” stadionunda baş tutacaq.
0