Berti Foqts Saşa Yunisoğlunu ehtiyatda saxlayacaq
31.05.2009 - 22:24
Berti Foqts Saşa Yunisoğlunu ehtiyatda saxlayacaq
“Türkiyə ilə oyunun hazırlığını gündə iki məşqlə davam etdiririk. Məşqçinin tələblərini yerinə yetirməyə çalışırıq. Ümumiyyətlə, matça ciddi hazırlaşırıq”. Bu sözləri Azərbaycan milli komandasının futbolçusu Saşa Yunisoğlu apasport.az saytının Kayseri şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsində deyib.

Gənc müdafiəçi iyunun 2-də Türkiyə yığması ilə keçiriləcək beynəlxalq yoldaşlıq görüşündən danışıb. Saşa “ay-ulduzlular”a qarşı forma geyinib-geyinməyəcəyinin hələlik müəyyənləşmədiyini vurğulayıb: “Bunu baş məşqçi bilir. Amma Foqts mənə deyib ki, Uelslə oyunqabağı mövqeyim boşdur. İki sarı vərəqə aldığımdan, uelslilərlə rəsmi matçda çıxış edə bilməyəcəyəm. Bu baxımdan Türkiyə ilə oyunda mənim mövqeyimdəki futbolçular - Ernani Pereyra və ya Vladimir Levin sınaqdan çıxarılacaq. Fikrimcə, Levin start heyətdə yer alacaq”.

Yunisoğlu nəticə barədə də nikbinlik nümayiş etdirib: “Yaxşı başa düşürük ki, bu, çox ciddi və vacib oyundur. Əlbəttə, Kayseriyə uduzmağa gəlməmişik. Türklərlə görüşdə yaxşı nəticə qazanacağımıza inanıram”.
0