8 türk futbolçu məşqə qatılmadı
31.05.2009 - 23:01
8 türk futbolçu məşqə qatılmadı
Azərbaycan yığması ilə qarşılaşacaq Türkiyə milli komandasının üzvləri dünən Kayseri şəhərində bir araya gəliblər. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, dünən axşamçağı Avropa çempionatının bürünc mükafatçılarının ilk məşqi keçirilib.

Yarım saatlıq məşq mətbuat üçün qapalı olub. Hazırlıq prosesinə 8 futbolçu - “Beşiktaş”ın çempionluğunu bayram edən Gökhan Zan, İbrahim Üzülməz, Yusuf Şimşək, həmçinin legionerlər Nihat Kahveçi (“Vilyareal”, İspaniya), Mevlüt Erdinç (“Soşo”, Fransa), Caner Erkin (MOİK, Rusiya), İbrahim Kaş (“Xetafe”, İspaniya) və “Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Belözoğlu qatılmayıb.

Bu gün Fatih Terimin yetirmələri oyunöncəsi son məşqə çıxacaqlar.

Xatırladaq ki, Türkiyə - Azərbaycan görüşü iyunun 2-də Kayserinin “Kadir Has” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da start götürəcək oyun ANS telekanalı vasitəsilə canlı yayımlanacaq.
0