Azərbaycan yığmasının start heyəti bəlli oldu
01.06.2009 - 09:29
Azərbaycan yığmasının start heyəti bəlli oldu
Azərbaycan milli komandasının Türkiyə ilə yoldaşlıq oyunundakı start heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, yığmamız bu dəfə meydana fərqli “11-lik”lə çıxacaq.

Almaniyalı baş məşqçi Berti Foqtsun zəruri saydığı bu dəyişikliklər demək olar ki, bütün xətlərə aid olunacaq. Düzdür, zədəli Kamran Ağayevin yoxluğunda qapıda elə gözlənildiyi kimi Fərhad Vəliyev dayanacaq. Lakin onun qarşısındakı “dördlük” xeyli qəribə olacaq.

Müdafiənin mərkəzində yığmanın kapitanı Rəşad Sadıqovla “İnter”in milliləşən müdafiəçisi Vladimir Levin oynayacaq. Ukraynalıya etimad göstərilməsi məcburiyyətdən irəli gəlir. Belə ki, cəza üzündən Uelslə matçı buraxacaq Samir Abbasovla Saşa Yunisoğlunun yoxluğunda məhz Levin arxa xətdə milliyə kömək etməlidir. Müdafiənin sağ cinahında Rail Məlikov, əks tərəfdə isə Cəmşid Məhərrəmov top qovacaq.

İki dayaq yarımmüdafiəçisinə bel bağlayacaq Foqts Samir Abbasov və Aqil Nəbiyevə etimad göstərəcək. Yarımmüdafiənin sağ cinahında Aleksandr Çertoqanov, solunda isə Cavid Hüseynov mübarizə aparacaq. Hücum xəttində isə Daniel Axtyamov və Leandro Qomeş çıxış edəcək.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda keçiriləcək.

Mənbə: extratime.az
0