Toşak: Azərbaycanla rəsmi oyun ərəfəsində bizə forma yığmaq vacib idi
01.06.2009 - 10:35
Toşak: Azərbaycanla rəsmi oyun ərəfəsində bizə forma yığmaq vacib idi
“Azərbaycanla rəsmi oyun ərəfəsində bizə forma yığmaq vacib idi. Mövsüm qurtarıb və çoxları bir neçə həftədir məşq etmirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Uels yığmasının baş məşqçisi Con Toşak deyib.

İyunun 6-da Bakıda milli komandamızın qonağı olacaq uelslilərin təcrübəli çalışdırıcısı son hazırlıq oyununda evdə Estoniyanı minimal hesabla (1:0) yenib. Ancaq Toşak oyundan tam razı qalmayıb: “İkinci hissədə açıq-aşkar gücümüz çatışmırdı. Ancaq istənilən halda, qələbədən razı qaldım. Məşqçilik karyeramda heç vaxt meydana belə gənc komanda çıxarmamışdım. Əgər mən yığma yox, klubla işləsəydim, çoxlu yeni futbolçular almışdım. Mənim futbolçularımda təcrübə çatışmır”.

Bir sıra aparıcı futbolçuları zədəli olan Uels yığmasının tarixində ən gənc komandası meydana çıxıb. Belə ki, yığmanın orta yaşı 21 olub. Toşakın milliyə çağırdığı üç yeni futbolçu Çerç, Allen və Kinq debüt edib. Qələbə topunu isə rəqibin ən təcrübəli futbolçusu Robert İrnşou vurub. Onda da 28 yaşlı uelsli hücumçu təyin edilən şübhəli penalti zərbəsini dəqiq yerinə yetirib.
0