Gədəbəyli terapevt ölkə kubokunun finalında necə sevinib?
01.06.2009 - 12:46
Gədəbəyli terapevt ölkə kubokunun finalında necə sevinib?
Azərbaycan kubokunun final oyunundan sonra keçirilən uduş zamanı “Hyundai-i20” avtomobilinə sahib çıxmış Ceyhun Məmmədov hədiyyəsinə qovuşub. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Gədəbəydə terapevt işləyən qalibin avtomobili “Hyundai Avto Azərbaycan” şirkətinin təşkil etdiyi təntənəli tədbirdə ona təqdim olunub.

Avtomobilinə sahib olan Məmmədov “İnter” - “Qarabağ” oyununda yaşadıqlarını da açıqlayıb: “Oyuna oğlum və bacı oğlum ilə birgə gəlmişdim. Aparıcı 065787 nömrəsini elan edəndə qulaqlarıma inanmadım. Öz biletim cibimdə idi. Əvvəl oğlumun, sonra isə bacım uşağının biletinə baxdım. Birində sonluq 86, o birində 88 idi. 100 faiz əmin oldum ki, bu mənim biletimdi. Pilləkənləri enə-enə azarkeşlərdən ilk 2 nömrəni yenidən soruşdum. Dedim birdən 16 olar, dedilər ki, yox, 06-dır. Açarı qəbul edəndə həyəcandan əllərim əsirdi. Amma bir şeyi də etiraf edim ki, maşının uşaqlardan hansınınsa biletinə düşəcəyi halda onda nə addım atacağımı deyə bilmərəm".
0