Milli komandamızın futbolçusuna Türkiyədə xəbərdarlıq olunub
01.06.2009 - 13:34
Milli komandamızın futbolçusuna Türkiyədə xəbərdarlıq olunub
“Türkiyədə çox gözəl məşqlər keçirik. Qarşıda bizi 3 vacib oyun gözləyir. Bütün komanda yoldaşlarım çox gözəl anlayır ki, Uelslə oyun ən vacib oyun olacaq. Lakin unutmaq olmaz ki, Uelsdən öncə bizi Türkiyə millisi ilə də ağır oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlu klubun rəsmi saytına açıqlamasında deyib.

Artıq bir həftədir milli komandamızın heyətində təlim-məşq toplanışına olan 24 yaşlı müdafiəçi iyunun 6-da Uels yığması ilə Bakıda rəsmi oyunda iştirak edə bilməyəcək. Buna da səbəb Saşanın vərəqə limitini aşaraq, cəzalı duruma düşməsidir. Nəticədə Yunisoğlu Türkiyə ilə sabah Kayseri şəhərində keçiriləcək yoldaşlıq görüşündə də əsas heyətdən kənarda qalıb: “Artıq baş məşqçi məni xəbərdar edib ki, Türkiyə ilə oyunda start heyətində meydana çıxmayacağam. Səbəb odur ki, Foqts Uelslə oyunda əsas heyəti aydınlaşdırmaq istəyir. Mən də öz növbəmdə bu qərarı mən tam hörmətlə qarşılayıram. Bütün qərarları baş məşqçi verir. Lakin Türkiyəyə qarşı sonradan meydana çıxsam, buna çox şad olaram. Hər halda, Türkiyə son Avropa Çempionatı mükafatçısıdır. İrəlidə bir məqsədim var ki, bu da millidə və "Bakı"nın heyətində layiqli çıxış etməkdir".

Saşa bu ayın ilk on günlüyündə keçiriləcək üç oyunda uğurlu çıxış etmək arzusunda olduqlarını söyləyib: “İstəyirik ki, Türkiyə və İspaniyaya qarşı layiqli oyun göstərək, Uels üzərində isə qələbə qazanaq. Uelslə görüşdə cəzalı olduğuma görə oynamağıma baxmayaraq, milli komandada hami bir ürək kimi döyünür və hamının məqsədi eynidir - Qələbə qazanmaq! İspaniya ilə oyuna gəlincə, bu qarşılaşma hər futbolçu üçün müsbət bir haldır. Futbolçulardan əlavə azarkeşlər üçün isə bu böyük bir bayramdır. İspanlara qarşı oynamaq çox maraqlı olacaq. Ümidvaram ki, bu qarşılaşmada mən meydanda olacam. Lakin yenə də deyirəm, İspaniya haqda biz Uelslə oyundan sonra fikirləşəcəyik”.
0