Rəşad Sadıqov: Türkiyə yığmasını dayandırmaq istəyirik
01.06.2009 - 14:53
Rəşad Sadıqov: Türkiyə yığmasını dayandırmaq istəyirik
Bu gün Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Kayserinin “Hilton” otelində mətbuat konfransı keçirib. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “Kocaelispor” klubunun da şərəfini qoruyan 27 yaşlı müdafiəçi iyunun 2-də Türkiyə yığması ilə keçiriləcək yoldaşlıq görüşü barədə sualları cavablandırıb.

- Hazırlıq prosesi necə gedir?
- Artıq yığmamız 1 həftədir təlim-məşq toplanışdadır. Mən özüm isə 3 gün öncə hazırlıq prosesinə qoşulmuşam. Milli komandamızda əhval-ruhiyyə yüksəkdir. Ancaq bizə daha çox iyunun 6-da dünya çempionatının seçmə mərhələsində Uelsə qarşı keçirəcəyimiz oyun önəmlidir.

- Siz müdafiədə oynayırsınız. Rəqibin heyətində hansı futbolçular daha təhlükəlidir?
- Biz türkləri komanda şəklində dayandırmaq istəyirik. Rəqibimizin necə kollektiv olduğunu ötən il Avropa çempionatında gördük. Buna görə də konkret hansısa futbolçunu yox, ümumilikdə komandanın qarşısını kəsmək haqda düşünürük. Bununla belə, Türkiyə yığmasından Arda Turan, Nihat Kahveçi, Tuncay Şanlı kimi oyunçuların adını çəkməməyim düzgün olmazdı.

- Karyeranızı Türkiyədə davam etdirmək niyyətiniz varmı?
- Bəli, belə fikrim var. Bu işlə menecerlərim məşğul olur. Ancaq bu ərəfədə bütün diqqətimi milli komandaya yönəltmişəm. Qarşıda 3 oyunumuz var. Bu səbəbdən hələlik heç bir klubla danışıqlar aparmıram.

- Siz adətən müdafiədə Saşa Yunisoğlu ilə birgə çıxış edirsiniz. Amma sabah Saşanın əvəzinə Vladimir Levin oynayacaq. Onunla anlaşa biləcəksinizmi?
- Levinlə milli komandada bir dəfə birgə oynamışıq. O, yaxşı futbolçudur. Məncə, Türkiyə ilə matçda da problem olmayacaq.

- İndiyədək Türkiyəyə qarşı keçirdiyimiz 4 görüşdə qələbə qazana bilməmişik. Bu dəfə sindromu qıra bilərikmi?
- Hesab edirəm ki, türkləri 4 oyunun heç birində üstələyə bilməməyimiz normal haldır. Bu komandanın səviyyəsi bəllidir. Doğru danışaq, Türkiyədə futbol Azərbaycandakından çox inkişaf edib. Sabah kobud, çirkin olmayan, zədəsiz bir matç arzulayıram.
0