Türkiyənin 462-ci, Azərbaycanın 152-ci oyunu: kim qalib gələcək?
01.06.2009 - 23:11
Türkiyənin 462-ci, Azərbaycanın 152-ci oyunu: kim qalib gələcək?
Azərbaycan yığması bu gün tarixində ilk dəfə Türkiyə ilə səfərdə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi və bir həftə ərzində üç oyuna çıxacaq milli komandamızın ilk sınağı Kayseri şəhərində olacaq. Bundan sonra Bakıya qayıdacaq yığma iyunun 6-da Tofiq Bəhramov adına stadionda Uelslə rəsmi, 9-da İspaniya ilə yoldaşlıq görüşünə çıxacaq.

Sözsüz ki, bu günkü oyun uelslilərlə rəsmi matç öncəsi son sınaqdır və Foqts həmin görüşə heyəti, taktiki sxemi müəyyənləşdirəcək. Kayseridəki qarşılaşma yoldaşlıq görüşü olsa belə, uğurlu nəticə ilk növbədə psixoloji planda vəziyyəti yaxşılaşdıracaq.

Bu, Türkiyə və Azərbaycan arasında 5-ci oyun olacaq. İndiyədək 4 matçda qələbə üzünə həsrət qalan millimiz 3 dəfə uduzub və yalnız son oyunda heç-heçə edib.

Qardaş ölkə təmsilçisi məhz tarixi zəfərlərinin qazandığı 2002-ci il dünya çempionatına yığmamızla yer aldıqları qrupdan vəsiqə qazanmışdılar. Milli komandamıza 6 qol vuran futbolçulardan heç biri hazırda Türkiyə yığmasının heyətində deyil. Yeri gəlmişkən, bunlar arasında “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionatının gümüş medal qazanının Oktay Dərəlioğlu da yoxdur. Oktay ən çox (2 dəfə) yığmamıza qol vuran Hakan Şükür kimi artıq karyerasını bitirib. Azərbaycan isə qardaş ölkənin yığmasına cəmi bir dəfə qol vurub ki, buna Bakıdakı oyunda penalti zərbəsi ilə nail olmuşuq.

Həmin qolun müəllifi olan Rəşad Sadıqov türkiyəlilərə çox yaxşı tanışdır. Bu il Superliqada “Kocaelispor” klubunun heyətində yaxşı oyun göstərən 27 yaşlı müdafiəçi milli komandamızın lideri və kapitanıdır.

Türkiyə ilə indiyə kimi yeganə oyununu İstanbulda “İsmət İnönü” stadionunda keçirən milli komandamız sabah tarixində 152-ci oyuna çıxacaq. Bu, 14 aydır milli komandamızın sükanı arxasında olan 62 yaşlı Foqtsun 14-cü oyunu olacaq. Türkiyə yığması 86 illik tarixində Kayseridə ilk oyununu məhz Azərbaycana qarşı keçirəcək. İndiyə kimi tarixində 461 oyun keçirən türkiyəlilər bunun 161-də qələbə qazanıb, 11-də heç-heçə edib, 189-da uduzub. Topların fərqi 592-706-dır. Türkiyə yığmasının baş məşqçi postunda ikinci dövrünü keçirən Terim bu 23 oyunun 8-də qələbə qazanıb, 5-də heç-heçə edib, 13-də məğlub olub. Həmin 23 görüşün 18-i səfərdə və yalnız 5-i evdə olub və Terimin yığması 30 qol vurub, 27-ni buraxıb.

1996-cı il

9 aprel.

Azərbaycan – Türkiyə - 0:1
Bakı. Yoldaşlıq görüşü.
Qol: Rəhim Zəfər

2000-ci il
11 oktyabr.

Azərbaycan – Türkiyə - 0:1
Bakı. Dünya çempionatının (DÇ) seçmə mərhələ oyunu.
Qol: Hakan Şükür

2001-ci il
2 iyun.

Türkiyə – Azərbaycan - 3:0
İstanbul. DÇ-nin seçmə mərhələ oyunu.
Qollar: Tayfun Korkut, Oktay Dərəlioğlu, Hakan Şükür

2006-cı il
Azərbaycan – Türkiyə 1:1
12 aprel. Bakı. Yoldaşlıq görüşü.
Qollar: Rəşad Sadıqov - Hasan Kabze
0