Milli komandamız Türkiyəyə yenə uduzdu
02.06.2009 - 22:56
Milli komandamız Türkiyəyə yenə uduzdu
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti matçına çıxır. Berti Foqtsun yetirmələri Kayseri şəhərinin möhtəşəm “Kadir Has” stadionunda Türkiyə yığması yoldaşlıq görüşü çərçivəsində qarşılaşır. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbiri bu oyunla bağlı bütün təfərrüatları sizlərə çatdıracaq.

Matçın onlayn reportajı, qarşılaşmanın ən maraqlı məqamları, oyunsonrası baş məşqçilərin mətbuat konfransında səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərsiniz.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Artıq hər iki komandanın start heyətləri açıqlanıb:

Türkiyə - Azərbaycan - 2:0
(51-ci dəqiqədə Semih Şəntürk penaltini dəqiq yerinə yetirə bilməyib)
Qollar: Halil Altıntop, 69; İbrahim Üzülməz, 74.

Türkiyə: Volkan Dəmirəl, Ceyhun Gülselam, Mehmet Topal, Gökhan Gönül, İbrahim Üzülməz (Caner Erkin, 77), Eren Güngör, Nihat Kahveçi (Halil Altıntop, 46), Semih Şəntürk, Nuri Şahin, Tuncay Şanlı (k) (Sercan Yıldırım, 63), Kazım Kazım (Arda Turan, 46).

Azərbaycan: Fərhad Vəliyev, Rail Məlikov, Vladimir Levin, Mahir Şükürov (Aleksandr Çertoqanov, 46), Aqil Nəbiyev, Samir Abbasov, Leandro Qomeş (Vaqif Cavadov, 46), Rəşad Sadıqov (k), Cavid Hüseynov (Ernani Pereyra, 55), Cəmşid Məhərrəmov (Saşa Yunisoğlu, 65), Daniel Axtyamov (Branimir Subaşiç, 83).

Qırmızı vərəqə: Rəşad Sadıqov, 51

Hakimlər: Mario Vlk, Marian Ruzbarski, Erik Veiss (hamısı Slovakiya), Bülent Yıldırım (Türkiyə)

Kayseri. “Kadir Has” stadionu.

***Türkiyə və Azərbaycan əsas milli komandalar səviyyəsində 5-ci dəfə üz-üzə gəlir. Bundan əvvəlki qarşılaşmaların heç birində yığmamız qalib gələ bilməyib. “Ay-ulduzlular”a iki dəfə 0:1 (9 aprel 1996-cı il, 11 oktyabr 2000-ci il) və 0:3 (2 iyun 2001-ci il) hesabları ilə uduzmuşuq. Son matç, 2006-cı il aprelin 12-də Bakıda keçirilmiş yoldaşlıq görüşü heç-heçə nəticələnib - 1:1.

***Maraqlıdır ki, “Kadir Has” stadionunda Azərbaycan yığmasının heyəti səsləndirilərkən, türk azarkeşlər bunu alqış sədaları ilə qarşılayıblar.

***Bu dəqiqələrdə tribunaların birində təxminən uzunluğu təxminən 70 metr olan Türkiyə bayrağı açılıb.

***Oyunun başlanmasına 6-7 dəqiqə qalsa da, tribunalar hələ də dolmayıb. Hazırda “Kadir Has” stadionunda 20 minədək azarkeş var. Özü də satışa çıxarılan 31 min biletin hamısı satılıb.

***Həm Türkiyə, həm də Azərbaycanın dövlət himnləri canlı orkestrlə ifa olunacaq.

***Bu da çox maraqlıdır. Starta bir neçə dəqiqə qalmış Türkiyə yığmasının heyətində dəyişiklik edilib. Sabri Sarıoğlunu Eren Güngör əvəzləyib. Bunun start heyətin hazırlanması zamanı texniki səhvlə əlaqədar olması, yoxsa Fatih Terimin dəyişiklik etməsi bilinmir.

***Hər iki komanda üzərinə “İyi birey, iyi vetendaş, iyi futbolçu” yazılmış şüarlarla çıxıb.

***Matç başlandı.

7-ci dəq. Qapıya ilk zərbəni Azərbaycan yığması vurdu. Leandro Qomeş cərimə meydançasında Daniel Axtyamovu tapır. Onun qapıya zərbəsi dəqiq alınmır.

10-cu dəq. Nihat Kahveçinin təxminən 25 metrlikdən yerinə yetirdiyi cərimə zərbəsi qapının üstündən keçir.

14-cü dəq. Oyunda ilk real qol epizodu. Tuncay Şanlı cərimə meydançasında iki futbolçumuzu asanlıqla keçir, amma onun 4-5 metrlikdən vurduğu zərbəni Fərhad Vəliyev dəf edir.

Türk azarkeşlərin Azərbaycana sevgisinin növbəti təzahürü. Tribunada “QARABAĞ TÜRKÜNDÜR” şüarı asılıb.

22-ci dəq. Türkiyə yığmasının əks-hücumu. Rəqibin 2 futbolçusu milli komandamızın 3 üzvü ilə qalır. Nihat Kahveçinin uzaq məsafədən zərbəsi təhlükəli olsa da, hədəfə tuş gəlmir.

İndi “Kadir Has”da boş yer tapmaq müşkülə çevrilib. Gözlənildiyi kimi, yoldaşlıq görüşündə anşlaq oldu. Matçı ən azı 30 min azarkeş izləyir.

25-ci dəq. Gökhan Gönül yaxın küncü nişan alır. Özünü vaxtında yetirən Rəşad Sadıqov topu uzaqlaşdırır.

28-ci dəq. Nihat qol vurur. Lakin yan xətt hakimi bu epizodu offsayd kimi qeydə alır. Türk azarkeşlər hakimin qərarına etirazlarını bildirirlər.

Oyuna iki hücumçu ilə çıxmağımıza baxmayaraq, matçın ilk yarım saatı ərzində ön xətdə heç nə ilə yadda qalmamışıq. Futbolçularımız hücuma keçərkən, tələskənliyə yol verirlər. Bu da çoxlu ötürmə səhvləri ilə nəticələnir. Hazırda Türkiyə yığması görüşdə açıq-aşkar üstünlüyə malikdir.

“QARABAĞ TÜRKÜNDÜR” şüarı asılmış tribunada fişənglər yandırılır. Stadionda ən fəal fanatlar məhz həmin tribunadadır.

41-ci dəq. Tuncay Şanlı zədələnərək, yerdə qalsa da, yığmamız topu meydançadan çıxarmadı. “Fair play” qaydalarına yenə Mahir Şükürov əməl etmədi. Azarkeşlər isə haqlı olaraq, onu fitə basdılar.

43-cü dəq. Semih Şəntürkün saxlamadan birbaşa vurduğu zərbə müdafiəçimizə toxunmasaydı, hesab açıla bilərdi.

45-ci dəq. Milli komandamız ilk real qol şansını boşa verir. Rəşad Sadıqovun cərimə zərbəsindən qaldırdığı topa qapının 2 metrliyində nəzarətsiz qalmış Mahir Şükürov toxuna bilmədi.

Birinci hissə başa çatdı.

İkinci hissə başlandı.

51-ci dəq. Yığmamız çox çətin vəziyyətdə qaldı. Rəşad Sadıqov cərimə meydançasında Semih Şəntürkü yıxdığı üçün qapımıza penalti təyin olundu. Üstəlik, Rəşad meydançadan qovuldu. Amma Semihin yerinə yetirdiyi penaltini Fərhad qaytarıb.

55-ci dəq. Fərhad Vəliyev növbəti dəfə komandamızı qoldan xilas edir. O, əvvəlcə Halil Altıntop, ardından Tuncay Şanlının zərbələrini zərərsizləşdirir.

63-cü dəq. Meydan sahiblərində daha bir əvəzləmə. Kapitan Tuncay Şanlı yerini Sercan Yıldırıma verir.

65-ci dəq. Berti Foqts Saşa Yunisoğlunu mübarizəyə qoşur. O, Cəmşid Məhərrəmovu əvəzləyir.

Bu dəqiqələrdə türklərin milli komandamıza böyük təzyiqi var. azlıqda qalan komandamız meydançanın mərkəzini belə, keçməyə çətinlik çəkirlər. Türklərin hücumlarının isə ardı-arası kəsilmir.

69-cu dəq. Və hesab açıldı. Çox təəssüf. Halil Altıntop fərqləndi. O, cərimə meydançasında qapını dəqiq nişan alır.

74-cü dəq. 0:2... İbrahim Üzülməz uzaq məsafədən qüvvətli zərbə ilə hesabı artırdı.

83-cü dəq. Branimir Subaşiç mübarizəyə atılır. Serb əsilli hücumçu Axtyamovu əvəzləyir.

86-cı dəq. Arda Turan 3-cü qolu yığmamızın qapısından keçirməyə yaxın idi. Amma Fərhad yaxın küncə göndərilən topu çətinliklə qaytardı.

Matç yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələndi.
0