Del Boske: İniyesta Azərbaycanla oyunadək olmasa da...
01.06.2009 - 18:15
Del Boske: İniyesta Azərbaycanla oyunadək olmasa da...
“Zədə üzündən İspaniya yığmasından kənar qalacağı gözlənilən futbolçularla bağlı qərarı mən yox, biz vermişik. Federasiya ilə birgə oyunçu, klub və həkimlərlə söhbət edib bu qənaətə gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.

İyunun 9-da Bakıda Azərbaycanla yoldaşlıq oyunu keçirəcək pireneylilərin çalışdırıcısı bu gün açıqladığı heyətlə bağlı şərh verməyə məcbur olub. Təcrübəli mütəxəssis zədəli futbolçular – Andres İniyesta, Herard Pike və Markus Sennanı “23-lüy”ə daxil etməsinə izah verib: “Biz oyunçunu da təhlükə ilə üz-üzə qoymamaq üçün nəyinsə nəzərdən qaçmasına imkan vermədik. Təbii ki, klubların futbolçunu yığmaya buraxmaqda həvəsli olmamağı əbədi problemdir. Lakin biz yüngül zədəsi olan oyunçuların Konfederasiyalar Kubokunun start götürəcəyi iyunun 14-dək tam bərpa olunacağını gözləyirik. Biz turnirin keçiriləcəyi CAR-a gedənədək, Azərbaycana da yollanacağıq. Ayın 14-dək zədəlilərin durumu yaxşı olar. Lap əks halda da, turnirin startına bir gün qalmışadək dəyişiklik etmək imkanımız var. Konfederasiyalar Kubokuna böyük önəm veririk. Nüfuzumuzu bu turnirdə də qorumaq üçün qələbə qazanmalıyıq. Kim deyir ki, Braziliya və İtaliya CAR-a ikinci heyəti aparacaq? Biz ora tamaşaçı kimi yox, iddialı yollanırıq”.

Qeyd edək ki, İspaniya yığması Bakıdakı yoldaşlıq oyunundan dərhal sonra Konfederasiyalar kubokuna yollanacaq.
0