“Sürəti artır! Danış!”
01.06.2009 - 19:33
“Sürəti artır! Danış!”
Bu gün Azərbaycan yığması Kayserinin “Kadir Has” stadionunda Türkiyə ilə oyunun son məşqinə çıxıb. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 1 saatdan çox davam edən məşq mətbuata açıq olub.

Hazırlıq prosesinin əvvəlində futbolçular baş məşqçi Berti Foqtssuz qalıblar. Çünki həmin vaxt almaniyalı mütəxəssis türk jurnalistlərə müsahibə verib. Bu səbəbdən məşqi onun köməkçisi aparıb. Meydançanın ortasında oyunçulara tapşırıq verən məşqçinin əmrləri açıq-aydın eşidilib: “Sürəti artır! Danış!”

Daha sonra Foqts da məşqə qoşulub. O, sabah start heyətdə oynadacağı futbolçuları bir araya gətirib. Baş məşqçi yetirmələrinə oyun zamanı yer dəyişmələri göstərib. O, oyunçulara hücuma keçdikdə, komanda yoldaşlarını necə sığortalamaq lazım olduğunu başa salıb.

Ardından futbolçular təxminən 20 metrlik məsafədən qapıya zərbə vurublar. Məşqin sonunda ikitərəfli oyun olub. Bununla da, türklərlə oyuna hazırlıq yekunlaşıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Yoldaşlıq görüşü ANS telekanalı vasitəsilə canlı yayımlanacaq.
0