Fatih Terim: Azərbaycanla oyunda heç-heçə olmayacaq!
01.06.2009 - 22:02
Fatih Terim: Azərbaycanla oyunda heç-heçə olmayacaq!
Bu gün Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Azərbaycanla yoldaşlıq görüşünə aid mətbuat konfransı keçirib. Tədbirdə apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbiri də iştirak edib.

- Mətbuat konfransına fərqli başlamaq istəyirəm. Sualdan əvvəl açıqlama verəcəyəm. Bir müddət öncə qəza keçirdim, sonra isə əməliyyat olundum. Həyatın içində hər şey var. Bəzən üzülürsünüz, bəzən sevinirsiniz. Belə anlarda 2 önəmli dəstəyə ehtiyac duyarsınız. Birincisi, sizi yenidən əvvəlki duruma qaytaracaq həkimlərə, ikincisi isə mənəvi vəziyyətinizi yaxşılaşdıracaq dost istiliyinə. Bunların hər ikisini duyduğum üçün minnətdarlığımı bildirirəm. Qəzanı keçirdiyim andan inanılmaz maraqla üzləşdim. Başda baş nazirimiz olmaqla, siyasi partiya liderlərinə, idman ictimaiyyətinin üzvlərinə, o cümlədən futbolçulara, jurnalistlərə, incəsənət xadimlərinə, iş adamlarına, futbolsevərlərə və yanımdan heç ayrılmayan həyat yoldaşım təşəkkürümü çatdırıram.
İndi də Superliqanı dəyərləndirmək istəyirəm. Çox zövqlü, həyəcanlı bir mövsümü geridə buraxdıq. Mövsümə damğasını vuran amil rəqabət oldu. Türkiyədə belə gərgin mövsümü heç vaxt görməmişdim. Qızıl medal qazanması münasibətilə “Beşiktaş”ı təbrik edirəm.
Kayseriyə 3-cü dəfədir gəlirəm. Birinci dəfə Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgenerlə “Kadir Has” stadionunun tikintisi zamanı, sonra isə “Kayserispor” – “Fənərbaxça” matçına baxmağa gəlmişdim. Sabah Azərbaycanla çox özəl bir matçımız var. Çünki Azərbaycan bizim üçün qardaş ölkədir. Azərbaycan futbolunu yaxından izləyirəm. Milli komandanı öz dövrünün ən yaxşı müdafiəçilərindən biri Berti Foqts çalışdırır. Qardaşlarımızın beynəlxalq miqyasda da uğurlar qazanmasını həm arzulayıram, həm də gözləyirəm. Kayseridə ilk dəfə milli komandalar səviyyəsində oyun olacaq. Azarkeşlərin sabahkı qarşılaşmada bizi dəstəkləməsini diləyirəm. Onlara da kefli futbol yaşadacağımızı düşünürəm.

- “Qalatasaray” və “Fənərbaxça”nın futbolçuları arasında Superliqa matçında qalmaqal yaşanmışdı. Həmin hadisədən sonra ilk dəfə yığmanın təlim-məşq toplanışına qatılırlar. Milli komandada onların anlaşması necədir?
- Bununla bağlı heç bir problem yoxdur. Futbolun dinamikliyi içində belə olaylara rast gəlmək mümkündür. Amma bu hadisə unudulub gedib, indi hər şey yaxşıdır.

- Berti Foqts sizin haqqınızda xoş sözlər söyləyib. O, sizin rəhbərliyiniz altında Türkiyə yığmasının bir çox uğurlar qazandığını deyib. Bu haqda nə deyə bilərsiniz?
- Həqiqətən də, Türkiyə özündən söz etdirən komandaya çevrilib. Hətta dünya çempionatının seçmə mərhələsində vəziyyətin çətinliyi də yığmamıza sevgiyə pis təsir göstərməyib. Xoş sözlərinə görə, Berti Foqtsa çox təşəkkür edirəm.

- Siz Türkiyə və Azərbaycanın dostluğundan, qardaşlığından danışdınız. Bu isti münasibəti sabah meydançada da görə biləcəyəkmi? İndidən deyə bilərəkmi, Türkiyə - Azərbaycan oyunu bərabərə qalacaq? (sualı azərbaycanlı jurnalist verib)
- Sizdə bərabər qalmağa “heç-heçə” deyirlər, düzdür? (gülür)

- Elədir.
- 2006-cı ildə Bakıda Azərbaycanla keçirdiyimiz oyun 1:1 hesabı ilə nəticələnmişdi. Qarşılaşmadan sonra mənə ilk sual belə oldu ki, heç-heçə olması barədə nə fikirdəsiniz. Mən də bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, görəsən bu jurnalist nədən danışır? Heç-heçə nədir? Sonradan yadıma düşdü ki, bizim ölkəmizin də bəzi yerlərində bərabərə qalmağa heç-heçə deyirlər. Yəni, matç heçə getdi... Sabah oyun heç-heçə olmayacaq. Hər bir futbolçumuz meydançaya qələbə qazanmaq üçün çıxır. Bu, artıq bir vərdiş halını alıb. Biz dünya çempionatında sizin yer aldığınız qrupu diqqətlə izləyirik. 4 oyuna cəmi 4 qol buraxmısınız. Fikrimcə, bu, yaxşı göstəricidir.

- Sizin adınız “Qalatasaray”la birgə çəkilir. Həm də yığma ilə yanaşı, klubda da işləmək niyyətiniz var. “Qalatasaray”dan təklif almısınızmı? Əgər təklif varsa, bu haqda nə düşünürsünüz?
- Mətbuat konfransını milli komanda ilə əlaqədar keçirdiyimizdən belə suallara cavab verməyim məqsədəuyğun deyil.
0