Tuncay Şanlı: Mənim köküm azərbaycanlı deyil
01.06.2009 - 22:29
Tuncay Şanlı: Mənim köküm azərbaycanlı deyil
Bu gün Türkiyə yığmasının futbolçuları Tuncay Şanlı və İbrahim Üzülməz mətbuat konfransı keçirib. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “ay-ulduzlular”ın aparıcı üzvləri sabah “Kadir Has” stadionunda oynanılacaq Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü barədə danışıblar.

İngiltərənin “Middlsbro” klubunun da şərəfini qoruyan Tuncay Şanlı karyerasını “Dumanlı Albion”da davam etdirmək istəyini bildirib: “İngiltərədə qalmaq istəyirəm. Əgər başqa variantlar olsa, nəzərdən keçirəcəyəm”. Növbəti suala isə 27 yaşlı hücumçu zarafatca cavab verib. O, azərbaycanlı futbolçulardan hansını tanıması ilə bağlı sualı belə cavablandırıb: “Mən bir az uzaqda yaşadığımdan bunu İbrahim Üzülməz yaxşı bilər”.

Buna baxmayaraq, Tuncay yığmamızla görüşdə qələbə istəyini gizlətməyib: “Biz qələbə qazanmaq üçün meydançaya çıxacağıq”. Təcrübəli futbolçu kökünün azərbaycanlı olması barədə yayılan məlumatlara da aydınlıq gətirib: “Yox, mənim köküm azərbaycanlı deyil”.

“Beşiktaş”ın futbolçusu İbrahim Üzülməz isə vurğulayıb ki, Azərbaycanla görüş çox həyəcanlıdır: “Çünki qardaş ölkənin komandası ilə qarşılaşırıq. Bu həyəcan meydançada da davam edəcək”.
0