Branimir Subaşiçin Çin klubundan ayrılacağı dəqiqləşib - MÜSAHİBƏ
02.06.2009 - 05:22
Branimir Subaşiçin Çin klubundan ayrılacağı dəqiqləşib - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və Çinin “Çanqçun Yatay” klubunun serb əsilli hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Yığmamızın Türkiyə ilə oyuna hazırlığını necə dəyərləndirirsiniz?
- Uşaqlar qarşıdakı yoldaşlıq görüşünə ciddi hazırlaşıblar. Əhval-ruhiyyə yaxşıdır. Türklərlə matça hamı hazırdır, hər bir futbolçu özünü göstərmək niyyətindədir.

- Amma, deyəsən, siz oyunu buraxmalı olacaqsınız.
- Mən dünən qasıq nahiyəmdən zədə aldım. İndi müalicə olunuram. Dünənkinə nisbətən özümü yaxşı hiss edirəm. Türklərə qarşı oynamağı çox arzulayıram. Forma geyinib-geyinə bilməyəcəyim səhər bilinəcək.

- Türkiyə ilə matç haqda nə düşünürsünüz?
- Rəqibimiz çox güclü komandadır. Türklər Azərbaycanın böyük qardaşıdır, əgər səhv eləmirəmsə, bu ifadə belədir...

- Türkiyə Azərbaycanın böyük qardaşı yox, sadəcə, qardaşıdır. Bizim kiçik qardaşımız yoxdur.
- Hə, türklər Azərbaycanın qardaşıdır. Mənə də belə deyiblər. Oyun maraqlı olacaq.

- Bəs nəticə necə?
- Hesab edirəm ki, nəticə barədə danışmaq düzgün olmazdı.

- Bizim türkləri məğlub etməyə gücümüz çatar?
- Türkiyə oyunun favoritidir. Rəqib komandanın üzvləri Avropanın ən yaxşı çempionatlarında çıxış edirlər. Eyni zamanda bizim də yaxşı komandamız var.

- Heç-heçə Azərbaycan üçün uğurlu nəticə sayılacaqmı?
- Bu, yoldaşlıq görüşüdür. Əsas diqqətimizi iyunun 6-da Uelsə qarşı keçirəcəyimiz rəsmi oyuna yönəltmişik. Həm də yalnız qələbəni uğurlu nəticə saymaq olar. Əgər qələbə qazanmısansa, deməli, uğur əldə etmisən. Heç-heçə isə uğur deyil.

- Çində işləriniz necə gedir?
- Onlar tam fərqli xalqdırlar. Qışda mənim işlərim düz gətirmədi. Yaxşı klub tapmaq üçün gecikdim, başqa variant isə olmadı. Buna görə də Çin çempionatında oynamağa razılaşdım. Orada mənə çətindir. Heç kimlə danışa bilmirəm, heç nə edə bilmirəm...

- Yəqin ki, mətbəxlə də bağlı probleminiz var?
- Sözsüz! Çin yeməkləri yeyə bilmirəm. Qidalanmaq üçün restoranlar axtarıram. Orada Avropa yeməkləri verilən 3-4 yaxşı restoran var. Həmişə maşınla restorana gedirəm, gəzirəm, axtarıram, vaxt itirirəm... Bir sözlə, mənə ağırdır.

- Heç Çin yeməkləri dadmısınız?
- Yox. Mən onların heç bir yeməyini bəyənmirəm. Çin yeməklərini dadmaq qeyri-mümkündür.

- Belə çıxır ki, “Çanqçun Yatay”da qalmaq istəmirsiniz?
- Bilirsiniz, klubla müqaviləmin şərtləri yaxşıdır, mənə kimsə dəyib-toxunmur. “Çanqçun Yatay”la bu ilin noyabrınadək müqaviləm var. Amma mən yaxında oynamaq istəyirəm. Çox güman ki, Avropaya qayıdacağam. İndi yığmanın düşərgəsində olduğumdan, yeni klub seçimi ilə sonra məşğul olacağam. Təxminən 10-15 gündən sonra bu məsələyə aydınlıq gələcək.

- Yəni, “Çanqçun Yatay”la yeni müqavilə bağlamayacaqsınız?
- Yox. Mən artıq yayda özümə yeni klub tapacağam.

- Azərbaycandan təkliflər var?
- Qışda olub. Danışmışdıq, amma anlaşma baş tutmadı. İndi Azərbaycandan mənə təklif yoxdur.

- Bəlkə “Neftçi”yə qayıtmaq fikriniz var?
- Bu klubdan da mənə təklif yoxdur.

- Ümumiyyətlə, hansı ölkədə oynamaq istəyirsiniz?
- Təbii ki, Avropada. Dünyada ən maraqlı futbolu məhz Avropada oynayırlar. Yaxın ölkələrdən birinin çempionatında forma geyinəcəyəm. Bu dəfə Çini seçməyəcəyim dəqiqdir.

- İyunun 9-da İspaniya komandası ilə Bakıda yoldaşlıq görüşümüz olacaq. Rəqibin heyətində müdafiə xəttinin lideri Karles Puyolun Bakıya gələcəyindən xəbəriniz var?
- Əlbəttə! Super oyun olacaq. İspanlarla matçı səbirsizliklə gözləyirəm.

- İspaniya milli komandasının heyətində hansı futbolçulardan ehtiyatlanırsınız?
- Bakıya Avropa çempionları gəlir. Xavi, İnyesta, Torres kimi ulduzlara qarşı mübarizə aparacağıq. Bilirsinizmi, onların göstərdiyi oyun futbolun zirvəsidir, sanki evin damıdır. Bundan o tərəfi yoxdur.
0