Kayseridə nə var, nə yox?
02.06.2009 - 04:41
Kayseridə nə var, nə yox?
...Kayseridə hər şey var, heç nə yoxdur. Ən əsası isə bu gün Kayseridə Türkiyə və Azərbaycanın futbol yığmaları arasında beynəlxalq yoldaşlıq görüşü var.

3000 illik tarixə malik qədim şəhər ilk dəfə milli komandalar səviyyəsində oyuna ev sahibliyi edəcək. Türkiyə - Azərbaycan matçına Kayserinin necə hazırlaşmasından öncə şəhər haqqında bir-iki kəlmə. Kayseri nəinki Türkiyənin, hətta dünyanın ən qədim şəhərlərindən biridir. Burada tarixi abidələr çoxluq təşkil edir. Osmanlı imperiyasının şəhəri ələ keçirməsi üçün 6-7 əsr öncə qurduğu istehkamlar, səngərlər hələ indiyədək durmaqdadır. Kayseri qalasının divarları isə İçərişəhəri xatırladır. Bir sözlə, mədəni, ziyalı və dindar insanların toplaşdığı Kayseri...

Amma Kayseridə gözləmədiyimiz məqamla da üzləşdik. Şəhərin heç bir küçəsində Türkiyə - Azərbaycan oyunu barədə bir afişa da yoxdur. Təsəvvür edin ki, Avropa çempionatının bürünc mükafatçısı ilk dəfə 1 milyondan çox əhalisi olan şəhərə gəlir, lakin həmin məşhur komandanın görüşü haqda afişa hazırlanmır. Qəribədir, deyilmi?..

Necə deyərlər, Kayseridə həyat öz axarı ilə davam edir. “Ay-ulduzlu” futbolçuların da gəlişi ümumi həyat tərzinə təsirsiz ötüşüb. Yəqin ki, bu, Kayserinin özünəməxsus keyfiyyətidir. Bazar günü küçələrdəki sakitliyi görənlər burada əhalinin sayı ilə bağlı statistikanın səhv aparıldığını
düşünər. Əslində isə statistika səhv deyil. Sadəcə, şəhər sakit və spesifikdir.

Təbii ki, şəhərdə yoldaşlıq görüşünü səbirsizliklə gözləyənlər də var. Oyuna bütün biletlər satılıb. Deməli, bu gün “Kadir Has” stadionunda anşlaq olacağı gözlənilir. Biletlərin 2 lirəyə (təxminən 1 manata) satılması futbol həvəskarlarını ürəkləndirib. Lakin türk jurnalistlər bizimlə oyun haqda çox səthi və qeyri-operativ məlumatlar yazırlar. Onlar Türkiyə yığmasının heyətindən belə, azərbaycanlı həmkarlarından gec xəbər tutublar.

Yerli sakinlər isə qarşılaşma ilə bağlı müxtəlif proqnozlar irəli sürürlər. Çoxu da bizim xeyrimizə. Yəni qonaqların. “Əsas odur dostluq qazansın!” - deyə əksər kayserililər fikir yürüdürlər. Bununla da, onlar Azərbaycana sevgilərini göstərirlər. Bunu şablon olaraq qeyd etmirəm. Canlı müşahidələr Kayseridə Azərbaycanın və azərbaycanlıların çox sevildiyini deməyimizə əsas verir. Hətta dünən söhbətləşdiyimiz 72 yaşlı ağsaqqal bir kayserili həm özü kövrəldi, həm də bizi kövrəltdi: “Sizə qurban olum! Qarabağ müharibəsində niyə bizə demədiniz? Dərhal 5-10 milyon könüllü gəlib, sizə kömək olardıq”. Elə düşünməyin ki, o, bizi ələ salırdı, yaxud ağlını itirmişdi. Yox, bu səmimi sözlər Almaniyada ayaqqabı fabrikinin sahibi olan əsl türkə məxsus idi. 5-10 milyon könüllüyə gəlincə, fikrimcə, indi də gec deyil...

Proqnoz mövzusunu qapadaraq onu da əlavə edim ki, Azərbaycanın məğlub olacağını yalnız otel işçisindən eşitdim. Bu proqnoz da zarafatca verilmişdi: “Sizə 5 qol vuracağıq”.

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim də keçirdiyi mətbuat konfransında azərbaycanlılara isti münasibəti ilə yadda qaldı. Hətta Azərbaycan ləhcəsi ilə türkcə danışmağımıza da güldülər. Bu gün isə final fitindən sonra həm Türkiyə, həm də Azərbaycan tərəfi güləcək. Tabloda əksini tapacaq rəqəmlərdən asılı olmayaraq...

Aqşin ƏLİYEV
0